PDF Oxu

Siyasət

  • 14

Nyu York Tayms qəzeti Azərbaycandakı uğurlardan yazdı

Nyu York Tayms qəzeti Azərbaycandakı uğurlardan yazdı

Dünyanın ən məşhur mətbu orqanı – Nyu York Tayms (New York Times) qəzetində sentyabr ayının 8-də "Azərbaycan: gələcəyə inamla baxan ölkə" başlıqlı geniş məqalə dərc olunub. Yazının müəllifi Stuart Skotdur.

Məqalədə Azərbaycanın əhəmiyyətli geostrateji mövgedə - qədim İpək yolunun üstündə yerləşdiyi bildirilmiş, özündə Qərd və Şərq dəyərlərini ehtiva edən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında sürətlə inkişaf edən ölkə olması vurğulanmışdır.

Müsəlman Şərqində ilk demokratik ölkə olaraq, Azərbaycanda çoxpartiyalı sistemin hələ 1918-ci ildən formalaşdığını deyən müəllif, bu ənənələrin bu gün də saxlanıldığını, yeni və daha rəngarəng çalarlar qazandığını qeyd etmişdir. O, qızlar üçün ümumtəhsil məktəbinin, Müsəlman Şərqində ilk opera və baletin, qadınlara seçki hüququnun verilməsinin ilk dəfə Bakıda gerçəkləşdiyini qeyd etmişdir.

Yazıda müəllif, Sovetlər Birliyinin 1991-ci ildə süqutu ilə yenidən azadlıq əldə edən Azərbaycanın 22 illik müstəqillik dövründə böyük uğurlar qazandığı, müasir inkişafı təmin etmək üçün həyata keçirilən siyasi və iqtisadi islahatların səmərəliliyindən bəhs etmiş, həmçinin, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuşdur. Qeyd edilmişdir ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunan 4 qətənaməyə məhəl qoymayan işğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına pozmaqla davam edir. Məqalədə, işğalçı Ermənistanın separalist siyasəti nəticəsində 1 milyondan çox ölkə əhalisinin hələ də məcburi köçkün həyatı yaşadığı göstərilir.

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışını və bununla da ölkə həyatında yeni və daha uğurlu səhifə açıldığını bildirən jurnalist, Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq, həyata keçirdiyi müxtəlif yönlü islahatların ölkə həyatına daha böyük nailiyyətlər gətirdiyini diqqətə çatdırır.

"İlham Əliyevin həyata keçirdiyi islahatlar böyük sıçrayışa və 1,2 milyon yeni iş yerlərinin açılmasına səbəb oldu." – deyən müəllif, son illərdə ölkədə yoxsulluq səviyyəsinin iki rəqəmlidən bir rəqəmliyə düşdüyünü, əhalinin pul gəlirlərinin artdığını, neftdən əldə olunan vəsaitin düzgün istifadə edilərək qeyri-neft sektorunun inkişafına yönəldildiyini, Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi tanındığını, ölkəmizin Bakı Beynəlxalq Humanitar Forumu, Davos İqtisadi Forumu, Avroviziya Beynəlxalq Musiqi yarışması, Qələbə Beynəlxalq Musiqi Festivalı və s. bu kimi mühüm beynəlalq tədbirlərə ev sahibliyi etdiyini qeyd etmişdir. Məhz bunun nəticəsidir, Azərbaycan 155 ölkənin səsini qazanaraq, Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Məqalədə bu ilin oktyabr ayından ölkədə keçiriləcək prezident seçkilərinə toxunan müəllif, hakim Yeni Azərbaycan Partiyasının namizədinin, məhz yenidən İlham Əliyev olduğunu bildirir. Jurnalist S. Skot məqalədə qeyd edir ki, aparılan sorğu və təhlillər onu göstərir ki, Azərbaycan xalqı növbəti illərdə də ölkə başçısı olaraq, İlham Əliyevə ikinci bir rəqib namizəd tanımır.

Beləliklə, Nyu York Tayms qəzetinin ölkəmizə həsr etdiyi məqalədə Azərbaycanın müstəqillik yaşının az olmasına baxmayaraq, bu illər ərzində əldə etdiyi uğurlarla, həyata keçirilən düzgün və məqsədyönlü siyasətlə, beynəlxalq arenada qazanmış olduğu böyük nüfuzla regionun geosiyasi quruluşunu dəyişməyə müvəffəq olduğu diqqətə çatdırılır.

yap.org.az

Digər xəbərlər