PDF Oxu

Siyasət

  • 11

Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə xüsusi işçi qrupun 33-cü iclası keçiriləcəkdir

Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə xüsusi işçi qrupun 33-cü iclası keçiriləcəkdir

Sentyabrın 11-12-də Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə xüsusi işçi qrupun 33-cü iclası keçiriləcəkdir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev sentyabrın 10-da keçirdiyi brifinqdə demişdir.

E.Abdullayev qeyd etmişdir ki, toplantıda Xəzərin statusuna dair Konvensiya layihəsi müzakirə olunacaqdır.

O, əlavə etmişdir ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xarici siyasət idarəsinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov, Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadə, Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murat Atacanov iştirak edəcəklər.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin "xarici işlər naziri" Karen Mirzoyanın danimarkalı deputatlardan və jurnalistlərdən ibarət nümayəndə heyəti ilə görüşməsi barədə xəbərə toxunun E.Abdullayev qeyd etmişdir ki, Xarici İşlər Nazirliyi danimarkalı nümayəndə heyətinin ölkəmizin işğal altındakı ərazilərinə səfəri barədə xəbərləri araşdırır.

Azərbaycan diasporunun üzvləri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynovun işi ilə bağlı aparılan araşdırmanın dayandırılması faktına münasibət bildirən mətbuat xidmətinin rəhbəri demişdir: "Fransa prokurorluq orqanları lazımı dəlillərin olmadığını əsas gətirərək belə addım atmışdır. Amma bu, məhkəmə prosesinin bitməsi demək deyildir, məhkəmə istintaqına yenidən müraciət olunması nəzərdə tutulur".

Sentyabrın 10-da İran Xarici İşlər Nazirliyinin dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı verdiyi açıqlamaya toxunan E.Abdullayev demişdir: "Azərbaycan klassik şeirinin görkəmli nümayəndəsi, xalqımızın qürur mənbəyi Nizami Gəncəvi Gəncədə anadan olmuş və orada da vəfat etmişdir. Bu, müzakirə predmeti ola bilməz".

yap.org.az

Digər xəbərlər