"Biz sülh tərəfdarıyıq, münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və bu yöndə Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Prezidentimiz bəyan edib ki, biz danışıqlar xatirinə danışıq aparmırıq, işğal altında olan torpaqlarımızın hər qarışını azad edəcəyik. Və Dağlıq Qarabağ, işğal olunmuş digər rayonların azad edilməsi dövlətimizin əsas vəzifəsidir ki, bu istiqamətdə gedən fəaliyyətdə ölkəmizin apardığı siyasi kursun nəticələri hər kəsə bəllidir". Bu fikirləri yap.org.az saytına "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, artıq Azərbaycan bütün dünyaya sübut edib ki, Dağlıq Qarabağ münaqişəsi məhz ermənilərin qeyri-konstruktiv mövqeyi nəticəsində öz həllini tapmır. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil.
"Biz Prezidentimizin münaqişənin həlli ilə bağlı atdığı addımları çox diqqətlə izləyirik və həmişə görürük ki, Onun mövqeyi milli maraqlarımıza tamamilə uyğundur. Bəzən deyirlər ki, bu problem nə qədər davam etməlidir. Doğrudur, insanların səbri tükənir. 1 yaşında torpağından çıxanın indi 20 yaşı var, bu ailələr böyüyür, qayğılar da artır, insanlar torpaq həsrətini çəkir. Amma bizim hələ ki, səbr etməkdən başqa yolumuz yoxdur. Biz Prezidentimizin siyasətinə inanırıq ki, ən düzgün yol Onun həyata keçirdiyi siyasətdir. İnanırıq ki, Prezident İlham Əliyevin dediyi kimi Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada və işğal olunmuş digər bölgələrimizdə dalğalanacaq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz. Prezidentimiz bunu bütün mötəbər kürsülərdən bəyan edir"- deyə, B.Səfərov vurğulayıb.
yap.org.az