YAP Qaradağ rayon təşkilatının qərargahında partiya tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Seçki Qərargahının növbəti seminar-müşavirəsi keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahının növbəti seminar-müşavirəsi keçirilib. YAP Qaradağ rayon təşkilatının qərargahında keçirilən seminar-müşavirədə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Seçki Qərargahının iş prinsipləri, qarşıda duran vəzifələrdən, görülmüş işlərdən bəhs edib. A.Hüseynov vurğulayıb ki, bu il ölkəmizin ictimai-siyasi həyatında olduqca böyük əhəmiyyətə malik olan prezident seçkiləri ilidir və bu prosesin tam demokratik dəyərlərə uyğun keçirilməsi üçün bütün imkanlar mövcuddur: "Azərbaycan həm regionda, həm də dünyada sabitlik nümunəsidir. İnsanların azad, sərbəst formada, heç bir maneə ilə üzləşmədən öz iradələrini ifadə etməsi üçün bu amil başlıca şərtdir. Təbii ki, bu prosesdə YAP üzvləri həmişə olduğu kimi, bu dəfə də böyük fəallıq nümayiş etdiriblər. YAP Qaradağ rayon təşkilatı da hər zaman öz fəaliyyəti ilə seçilib. Qaradağ rayonu üzrə Seçki Qərargahının nəzərdə tutulmuş qrafik üzrə fəaliyyəti artıq nəzərəçarpacaq səviyyədədir. Rayon Seçki Qərargahında iş bölgüsü aparılıb və müxtəlif vəzifələr üzrə fəaliyyət proqramı müəyyənləşib. Artıq seçki prosesində qarşıya çıxan vəzifələrin icrası ilə bağlı rayon təşkilatı tərəfindən xüsusi proqram hazırlanıb. Bu proqramda Seçki Qərargahının konkret fəaliyyət istiqamətləri, eyni zamanda ərazi ilk partiya təşkilatları ilə sıx əlaqənin yaradılması, operativ-informasiya təminatı, seçicinin heç bir maneə ilə üzləşmədən məntəqəyə gələrək, öz iradasini azad şəkildə ifadə etməsini təmin edəcək bütün zəruri imkanlar müəyyənləşdirilib".
Daha sonra Qaradağ rayonu üzrə Seçki Qərargahının üzvü Yalçın Səfərəliyev çıxışında seçkilərin demokratik dəyərlərə, qazanılmış təcrübəyə uyğun keçirilməsi üçün lazımı şəraitin yaradıldığını bildirib. Y.Səfərəliyev qeyd edib ki, bu cür seminarlar seçkinin gedişində qarşıya çıxan məsələlərin həllinə, prosesin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsinə imkanlar yaratmış olur.
Qaradağ rayon Seçki Qərargahının üzvü Malik Qasımov da ölkəmizdəki demokratik seçki mühitinin mövcud olduğunu deyib: "Qaradağlılar hər bir seçki prosesində aktiv iştirak edərək öz konstitusion hüquqlarından səmərəli şəkildə istifadə ediblər və bu seçkidə də hər kəs bunu müşahidə edəcək".
Qaradağ rayonu üzrə Seçki Qərargahının üzvü Əkbər Bayraməliyev də çıxışında seçkilərə hazırlıqla bağlı görülən və görüləcək işlərdən bəhs edib. Qarşıdan gələn prezident seçkilərində Qaradağ rayonu üzrə faəliyyət göstərəcək bütün dairə və məntəqələrdə yaradılan şəraitin lazımı səviyyədə olduğunu da Ə.Bayraməliyev seminar iştirakçılarının diqqətinə çatdırıb.
Qaradağ rayon seçki Qərargahının üzvü Təranə İsmayılova isə seçki ilə bağlı qarşıya qoyulan bütün məsələlərin icrasına toxunub. Qeyd olunub ki, qaradağlılar həmişə demokratik proseslərdə aktiv olub.
YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ruslan İsmayılov da çıxışında qarşıdan gələn seçki prosesinə hazırlıqla bağlı qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, artıq ölkəmizdə demokratik seçki mühiti formalaşıb ki, bu da seçki prosesinin tam şəffaf keçirilməsinə təminat verən başlıca meyardır. Aparat rəhbəri Qaradağda da seçki ilə bağlı aparılan işlərin mahiyyətinə toxunaraq, qazanılmış seçki təcrübəsinin prosesin gedişinə müsbət təsirlərindən bəhs edib.
Rövşən NURƏDDİNOĞLU