PDF Oxu

Siyasət

  • 8

Dövlətin gənclərə qayğısı danılmazdır

Dövlətin gənclərə qayğısı danılmazdır

Zəkiyyə Musayeva: "Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev zəkasının işığından bəhrələnib"

Taleh Məmmədov: " İşlərimizdə daha məsuliyyətli olmalı və zamanın tələbinə uyğun şəkildə biliklərimizi artırmalıyıq"

Rəşad Rəhmanov: "Ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən biridir"

Cəmiyyətdə birmənalı mövqe ondan ibarətdir ki, dövlət gənclər siyasəti gənclərin intelektli, bilikli və vətənpərvərlik ruhunda böyüməsinə imkanlar yaradır. Söhbət etdiyimiz müsahiblərimiz gənclərə göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə etdilər.

Taleh Məmmədov,

YAP Xəzər rayon gənclər birliyinin sədri:

- Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Dövlət siyasətinin əsas istiamətləri hər bir gənc üçün bir çox imkanlar yaratmaqdır. Xaricdə alınan təhsildən tutmuş sahibkarlıq fəaliyyətinə qədər gənclərin üzünə bütün qapılar açıqdır. Sadəcə, bunları dəyərləndirmək və dövlətin siyasətindən faydalanmaq lazımdır. Düşünürəm ki, bu gün dövlət-gənclər siyasətindən lazımınca yararlanan, özləri üçün biliklər qazanan çoxlu sayda gənclərimiz vardır. Onlar dövlətin göstərdiyi bu qayğını və etimadı lazımınca dəyərləndirirlər. Bu gün gənclər seçkili orqanlarda da, dövlət müəssisələrində də, ictimai sektorda da elm müəssisələrində də hətta qərar qəbulu səviyyəsində də layiqincə təmsil olunurlar. Fikrimcə, dövlətin bizlərə olan bu inam və etimadını layiqincə doğrultmaq üçün var qüvvəmizlə çalışmalıyıq. Biz işlərimizdə daha məsuliyyətli olmalı və zamanın tələbinə uyğun şəkildə biliklərimizi artırmalıyıq.

Zəkiyyə Musayeva,

YAP Suraxanı rayon gənclər birliyinin sədri:

- Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev zəkasının işığından bəhrələnərək, dövlətimizin möhkəmlənməsində mühüm rol oynayaraq, onun aparıcı qüvvəsinə çevrilmişdir. Biz YAP üzvləri o gəncliyin bir hissəsi olmağımız üçün qürur duyuruq. Gənclik milli varlığımız, məzarı and yerimiz olan Ulu Öndərimizin yaratdığı qüdrətli, sarsılmaz dövlətimizin xoş gələcəyi naminə fəaliyyətini bundan sonra da Ulu Öndər ideyaları əsasında qurub və davam etdirəcək. Bu gün respublikamızda yüksək, intellektual səviyyəsi, siyasi dünyagörüşü, idarətmə bacarığı ilə fərqlənən yeni siyasətçilər nəsli yetişir. Onu da qeyd edim ki, biz Ümummilli Liderimizlə bir dövrdə yaşamaq xoşbəxtliyimizdən istifadə edərək, Onun hər bir nitqindən, fəaliyyətinin hər anından məktəb kimi dərs aldıq. Bu isə bizim savadlı, intellektual, ağıllı, məntiqli gənclər kimi yetişməyimizə səbəb oldu.

Rəşad Rəhmanov,

YAP Siyəzən rayon gənclər birliyinin sədri:

- Sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi də çıxış edir. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. Mən bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. O cümlədən biz Siyəzən gəncləri olaraq bu proseslərdən kənarda qalmırıq. YAP Siyəzən rayon təşkilatı gənclər birliyi olaraq bir sıra tədbirlər, treyninqlər keçiririk. Gənclərin ictimai fəallığı ilə, sosial şəbəkələrlə bağlı keçirdiyimiz treyninq və toplantıları buna əyani sübut kimi göstərə bilərik. Bu gün biz fərqindəyik ki, ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Biz bunun fərqindəyik və bilirik ki, hələ qarşıda görüləsi işlərimiz çoxdur.

Cahid Süleymanov

Digər xəbərlər