Böyüklüyünə görə Yunanıstanın ikinci şəhəri, Balkan regionunun ən böyük sənaye və nəqliyyat mərkəzi olan Salonikidə Yunanıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Assosiasiyasının təsis yığıncağı keçirilmişdir. Salonikinin elm və mədəniyyət xadimləri, biznesmenlər və ictimai xadimlər tərəfindən təsis edilmiş bu Assosiasiyanın məqsədi iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirməkdir.
Yığıncaqda Yunanıstan hökumətinin üzvü, Makedoniya və Frakiyanın işləri üzrə nazir Teodoros Karaoğlu, Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev, assosiasiyanın prezidenti Xaralampos Tsaxuras, habelə ölkənin ən iri ali məktəblərinin – Aristotel adına Saloniki Universitetinin rektoru Yanis Milopulos və Makedoniya Universitetinin rektoru Yanis Hacidimitriu, Şimali Yunanıstan İxracatçılar Assosiasiyasının prezidenti Dmitris Lakasas, Şimali Yunanıstan Sənayeçilər Assosiasiyasının nümayəndələri və başqaları çıxış etmişlər.
Səfir R.Mustafayev tədbir iştirakçılarına və yeni yaradılmış assosiasiyanın üzvlərinə Azərbaycan tarixi, ölkənin sosial-iqtisadi vəziyyəti və xarici siyasəti, Azərbaycan-Yunanıstan münasibətlərinin vəziyyəti və perspektivləri haqqında məlumat vermişdir.
Azərbaycanın Yunanıstandakı diplomatik nümayəndəliyində bildirmişlər ki, bu assosiasiya keçən ilin noyabr ayında yaradılmış Yunanıstan-Azərbaycan ticarət palatasından sonra ikinci iri təşkilatdır. Ticarət palatası iki ölkə arasında ticarət və investisiyalar, mədəniyyət, elm və təhsil, gənclər və idman siyasəti sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə kömək etməlidir. Assosiasiyanın təsis edilməsi Şimali Yunanıstanın biznesmen və siyasətçilərinin, elm və mədəniyyət xadimlərinin Azərbaycana marağının artmasının və onların ölkəmizlə əlaqələri hərtərəfli inkişaf etdirmək istəyinin göstəricisidir.
AzərTAc