Yeni dərs ilində neçə-neçə məktəbli müasir standartlara uyğun olaraq inşa edilən təhsil ocaqlarına üz tutacaq
Yaşadığımız iyirmi birinci yüzillik elm, informasiya əsri olduğundan sürətli inkişafda Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya olunur. Dövlət tərəfindən həyata keçirilən təhsil siyasəti Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.
Son illər ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, iqtisadi, mədəni, sosial sahələrdə aparılan islahatlar və uğurlar təhsilə təsirini göstərməkdədir. Təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələni yaşayır. Müasir gənclik ab-havanın içərisində məsuliyyət hissini ön plana çəkib Azərbaycanın gələcək inkişafına doğru potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiya olunmasında müstəsna əhəmiyyət daşıyır. Milli təhsil quruculuğu strategiyası Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkənin tərəqqi və inkişafına zəmin yaradıb. Dünyada mövcud olan ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq olunur.
Artıq yeni dərs ilinə saylı günlər qalıb. Hər zaman olduğu kimi bu il də təhsil sahəsində görülən işlər yetişən nəslin elmin sirlərinə daha da dərindən bələd olmasına böyük imkan yaradacaq. Yeni dərs günündə neçə-neçə məktəbli müasir standartlara uyğun olaraq inşa edilən təhsil ocaqlarına üz tutacaqlar. Təhsil ocaqları öz qapılarını qürurla məktəblilərin üzünə açacaqdır.
Yeni dərs ilinin əvvəlində Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində məktəblilərə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilib. Bütün məktəblərin təmin etdirilməsi, bərpası, eləcə də, yeni məktəblərin tikilməsi fondun məktəblilərə göstərdiyi etimad nəticəsində öz həllini tapmışdır. Sözsüz ki, bu il tələbə adına layiq görülmüş məzunların uğurlarında, yüksək göstəricilərin əldə etməsində, elmi biliklərə yiyələnməsində məhz müasir tipli məktəblərin rolu danılmaz faktordur. Belə ki, otaqların kompüterləşdirilməsi, müasir avadanlıqlarla təchiz olunması məktəblilərin təhsilinə müsbət təsirini göstərmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın bütün bölgələrində çoxlu sayda yeni və müasir tipli məktəb binaları inşa edilib, təhsil işçilərinin və şagirdlərin istifadəsinə verilməsi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Layihələrini ardıcıl olaraq reallaşdıran Heydər Əliyev Fondu yeni tədris ilində məktəblilərə humanizm prinsiplərinə sadiq qalaraq, yenə də xüsusi qayğı ilə yanaşıb. Heydər Əliyev Fondunun illərdir ki, həyata keçirdiyi "Təhsilə dəstək" layihəsi çərçivəsində növbəti aksiya gerçəkləşdirilib. Aksiya 2013-2014-cü dərs ili ərəfəsində respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini əhatə edir. Artıq onlar üçün nəzərdə tutulmuş 15 minə yaxın çanta və dərs ləvazimatı məktəblərə paylanıb.
Birinci sinif şagirdlərinə təqdim olunan çantaya 15 adda dərs ləvazimatı - fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulub.
Bu günlərdə Şəmkirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş Bakı Oksford Məktəbinin Uşaq Akademiyasının istifadəyə verilməsi Azərbaycan təhsilinə yönələn diqqətin bariz nümunəsidir. 80 yerlik akademiyada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Xüsusi tədris proqramları əsasında fəaliyyət göstərəcək akademiyaya uşaqlar iki yaşından qəbul ediləcəklər. Burada uşaqlarla dünyada məşhur olan "Kiddie Academy" tədris proqramı əsasında hazırlıq prosesi keçiriləcək. Dünyanın 65-dən çox ölkəsində tədris olunan bu proqram aparıcı məktəbəqədər təhsil proqramlarından biridir. İstifadəyə verilən akademiyada məktəbəqədər uşaqlar üçün bütün lazımi şərait mövcuddur. Dünya standartlarına uyğun olaraq qurulan müəssisə Azərbaycanın yetişən nəslini bilikli, savadlı, intellekt səviyyəli böyüməsinə öz təsirini göstərəcək. Ölkəmizdə belə müəssisələrin, məktəblərin istifadəyə verilməsi Azərbaycanın işıqlı gələcəyinə yönəlib.
Nəzakət ƏLƏDDİNQIZI