Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olub
Sentyabrın 12-də Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı klinikanın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan Tibb Universitetinin 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin bu nüfuzlu ali təhsil ocağının inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğısının əyani göstəricisidir. Klinikada tədrislə yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstəriləcəkdir. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcəkdir. Tibb müəssisəsində müxtəlif cərrahi əməliyyatlar aparmaq da mümkün olacaqdır. Tibb ocağı ən müasir avadanlıqla təchiz edilmişdir. Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov dövlətimizin başçısına klinika barədə məlumat verdi. Bildirildi ki, tibb ocağının inşaat işləri "Azərinşaat Qranit" MMC tərəfindən həyata keçirilmişdir. Ümumi ərazisi 45 min kvadratmetr olan klinikanın binası orijinal memarlıq üslubunda inşa edilmişdir. On üç mərtəbəli binanın həyətində geniş abadlıq işləri görülmüşdür.
Azərbaycan Prezidentinə klinikadakı kafedralar və şöbələr haqqında məlumat verildi. Bildirildi ki, burada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. İl ərzində burada 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olacaqdır. Diqqətə çatdırıldı ki, klinikada imtahan və kompyuter zalları da müasir avadanlıqla təchiz edilmişdir. Burada kursların və dövlət imtahanlarının keçirilməsi üçün kompyuterlə təchiz olunmuş zallar da vardır. Yüksək zövqlə inşa edilən binanın foyesində Heydər Əliyev guşəsi yaradılmışdır. Guşədə Ümummilli Liderin Azərbaycan səhiyyəsinin inkişafı və universitetin həyatında əvəzedilməz rolu barədə məlumat verilir. Burada Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu tibb ocağında keçirilən tədbirlərdə iştiraklarını əks etdirən fotostend vardır.
Qeyd edildi ki, klinikanın şöbələrində ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Bu cihazlar müayinə və müalicə işini ən yüksək səviyyədə həyata keçirməyə tam imkan verir. Klinikanın həkim, dərs və kompyuter otaqları bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Burada, həmçinin ictimai tədbirlərin keçirilməsi üçün xüsusi akustika və müasir multimedia sistemlərinin quraşdırıldığı 250 yerlik konfrans zalı da vardır. Ümumilikdə klinikada hər biri 100 nəfərlik olmaqla 9 mühazirə zalı, 50-dən çox praktik məşğələ üçün treninq otağı yaradılmışdır. Klinikanın şöbələrində quraşdırılan avadanlıq dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu cihazlar vasitəsilə qısa müddətə müayinələrin nəticələrini daha dəqiq əldə etmək mümkündür.
Məlumat verildi ki, klinikanın mərkəzi laboratoriyası yüksək səviyyədə qurulmuşdur. Ölkənin yeganə universitet klinikası olan bu bölmədə biokimya, mikrobiologiya, immunologiya, molekulyar genetika və digər bölmələr fəaliyyət göstərir. Laboratoriyada dünya universitetlərinin referens laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar vardır. Bu isə istənilən laborator müayinələri maksimum az vaxtda və dəqiq yerinə yetirməyə imkan verir. Laboratoriyada ölkəmizdə ilk dəfə olaraq Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi "CLSI" standartlarına uyğun biokimyəvi və immunoloji analizlər aparılacaqdır. Pasiyentlər dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə klinikanın saytına daxil olaraq laborator analizlərinin nəticələrini əldə edə biləcəklər.
Diqqətə çatdırıldı ki, buradakı avadanlıq tibbi müayinələrin görüntülərini də yüksək səviyyədə əldə etməyə imkan verir. Klinikada, həmçinin "Tesla" maqnit rezonans tomoqrafı, 128 kəsikli kompyuter tomoqrafı, iki yüksək tezlikli rəqəmsal rentgen qurğusu, universal tipli angeoqraf, 4D rejimli ultrasəs müayinəsi aparatı quraşdırılmışdır. Üçüncü mərtəbədə 20 çarpayılıq 5 reanimasiya zalı, 18 əməliyyatxana yaradılmışdır. Reanimasiya zallarında Avropa istehsalı olan çoxfunksiyalı elektrik yataqlar, mərkəzləşdirilmiş qaz sistemləri, monitorlar, süni tənəffüs cihazları quraşdırılmışdır. Burada çətinliyindən asılı olmayaraq, reanimasion-intensiv terapiya xidmətləri xaricdə təhsil almış təcrübəli reanimatoloqlar tərəfindən icra edilir. Burada quraşdırılan xüsusi çoxfunksiyalı işıqlandırma sistemi və kamera vasitəsilə əməliyyat prosesləri dərs otaqlarına, tədris və konfrans zallarına, həmçinin xaricdəki yüksək ixtisaslı mütəxəssislərə ötürülə bilir və tibb müəssisənin arxivinə yüklənir.
Klinikanın hər cür lazımi avadanlıq, o cümlədən yumşaq və bərk inventarla təchiz edilmiş palataları müasir səviyyədədir. Binanın müxtəlif mərtəbələrində palatalar fəaliyyət göstərəcəkdir.
Bu tibbi mərkəzdə tələbələrin, rezidentlərin və doktorantların təhsili və biliklərini artırmaları üçün mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyası vardır. Gənc mütəxəssis hazırlığını dünya standartları səviyyəsində aparmaq üçün MDB məkanında analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyantlar quraşdırılmışdır. Buradakı bir çox avadanlığın üstünlüyü ondadır ki, bu cihazlara kompyuterə yüklənmiş məlumatlarla yanaşı, xəstənin də maqnit rezonans, rentgen, kompyuter tomoqrafiyasından alınan görüntülərini yükləmək olur. Dünyanın yalnız bəzi aparıcı ölkələrinin tibb müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə müstəsna əhəmiyyətə malikdir. Klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə cavab verir və yerli "ARASH Medical" şirkəti tərəfindən quraşdırılmışdır. Klinikada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşdü. Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda artıq səhiyyə sahəsində işlər ən yüksək səviyyədə görülür.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda son illər ərzində yaradılmış tibbi mərkəzlər arasında bu gün bu mərkəzin xüsusi yeri vardır. Öz gözəlliyi, memarlığı və funksional cəhətləri ilə seçilən bir klinikadır:
"O vaxt belə bir klinikanın yaradılması iki məqsədi güdürdü. İlk növbədə, qarşıda Azərbaycan Tibb Universitetində tədris prosesini daha da yüksək səviyyəyə qaldırmaq məsələsi dayanmışdı. Eyni zamanda, bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaq məsələsi qarşıya qoyulmuşdu. Biz buna nail olduq. Eyni zamanda, Azərbaycanda yeni, müasir tibb mərkəzinin yaradılması da təmin edilmişdir. Yəni, burada həm təhsil, həm səhiyyə - ölkəmiz üçün vacib olan iki sahə birləşir. Burada bütün işlər ən yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir avadanlıq quraşdırılıb, çox gözəl şərait vardır, çox gözəl binadır. Həkimlər, tələbələr üçün burada ən gözəl şərait yaradılmışdır. Belə də olmalıdır.
Çünki Azərbaycan uğurla və sürətlə inkişaf edir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. O cümlədən, səhiyyə, təhsil sahələrində qarşıda duran vəzifələr icra edilir. Son illər ərzində Azərbaycanda 500-ə yaxın tibb mərkəzi tikilmişdir. Bu mərkəzlər ölkəmizin bütün bölgələrini əhatə edir. On beş şəhərdə diaqnostika mərkəzi yaradılmışdır. Bu gün demək olar ki, ölkəmizin hər bir yerində keyfiyyətli tibbi xidmət almaq üçün gözəl imkanlar vardır. Səhiyyənin maddi-texniki bazası möhkəmlənir, güclənir. Əminəm ki, yaxın bir-iki il ərzində artıq bütün şəhərlərimizdə ən gözəl klinikalar yaradılacaqdır.
Təkcə son iki həftə ərzində ölkəmizin bir neçə şəhərində müasir xəstəxanalar açılmışdır. Deyə bilərəm ki, bölgələrdə, rayonlarda istifadəyə verilmiş xəstəxanalar da ən müasir avadanlıqla təchiz edilir və ən yüksək standartlara malikdir.
Beləliklə, bizim gənc həkimlərimiz dünyada səhiyyə sahəsində gedən bütün mütərəqqi yenilikləri bilməlidirlər. Çünki bu gün dünyada səhiyyə elmi çox sürətlə inkişaf edir. Siz həkimlər bunu hamıdan yaxşı bilirsiniz. Bu gün vaxtilə müalicəsi mümkün olmayan bir çox xəstəliklər əgər vaxtında aşkarlanarsa müalicə edilir. Diaqnostika cihazları, o cümlədən burada quraşdırılan kompyuter tomoqrafları, MRİ, müasir rentgenlər imkan verir ki, istənilən xəstəlik ilkin mərhələdə aşkarlansın və düzgün diaqnoz qoyulsun. Artıq bu cihazların mövcudluğu düzgün diaqnozun qoyulmasında da mühüm bir addımdır və əlbəttə ki, müalicə də düzgün aparılmalıdır.
Yəni, dünya səhiyyə elminin uğurlu inkişafı insanların sağlamlığına bilavasitə bir töhfədir. Biz çalışmalıyıq ki, dünyada bu sahədə gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun. Biz buna hazır olmalıyıq. Yaradılan maddi-texniki baza, müasir avadanlıq belə imkanları verir. Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır. Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə etməlidirlər ki, daha da bilikli olsunlar. Elə edək ki, Azərbaycanda istənilən ən ağır əməliyyat aparıla bilsin. Son illərdə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Çünki bu gün Azərbaycanda ən ağır ürək-damar əməliyyatları, orqan transplantasiyaları aparılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır.
Bu yaxınlarda mən təhsillə bağlı fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, elə etməliyik ki, bizim gənclər xaricə oxumağa getməyə ehtiyac duymasınlar. Azərbaycanda təhsilin səviyyəsi elə olmalıdır ki, burada ən yüksək təhsil almaq üçün imkan olsun. Səhiyyə sahəsində də, həmçinin biz o səviyyəni əlbəttə ki, təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Çünki son illərdə səhiyyə sahəsində aparılan islahatlar uğurludur, bununla bərabər hələ çox iş görülməlidir. Ancaq beynəlxalq təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. Bir müddət əvvəl Dünya Səhiyyə Təşkilatının Avropa bölməsi Azərbaycanda gedən islahatları vurğulamışdır.
Bir daha demək istəyirəm ki, son illərdə hər bir rayonda müasir xəstəxanalar, tibb mərkəzləri tikilir. O ki qaldı Bakıya, son illərdə Bakıda demək olar ki, əsas elmi-tədqiqat səhiyyə müəssisələrimiz yenidən qurulmuşdur, əsaslı təmir edilmişdir, bir neçə böyük xəstəxana tikilmişdir. Yəni, bu sahədə biz öz ardıcıl siyasətimizi davam etdirəcəyik.
İnsanların sağlamlığı dövlətimiz üçün prioritet məsələdir. Mənim bölgələrə səfərlərim zamanı açılan xəstəxanalar, su xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir məqsədi güdür - Azərbaycanda insan sağlamlığı qorunsun, keyfiyyətli müalicə almaq üçün imkan, şərait olsun. İndi bütün bölgələrdə və yaxın zamanlarda hər bir şəhərdə dializ mərkəzləri tam şəkildə fəaliyyətə başlayacaqdır. Əksər şəhərlərdə biz artıq buna nail olmuşuq. Biz bunun müsbət tərəfini görürük. Vaxtilə xəstələr 100 kilometrlərlə məsafəni qət etməli olurdular, böyük şəhərlərdə müalicə alırdılar. İndi hər bir bölgədə deyə bilərəm ki, təxminən hər bir şəhərdə müasir dializ mərkəzləri vardır. Ona görə insanların sağlamlığını təmin edən tibbi xidmət bu gün əlbəttə ki, daha da yüksək səviyyədədir. İnsan sağlamlığını şərtləndirən digər amillər Azərbaycanda əlbəttə ki, vardır. Bu sahəyə diqqət yetirilir. Statistik göstəricilər, - yəqin ki, həkimlər bunu hamıdan yaxşı bilirlər, - onu göstərir ki, Azərbaycanda insanların ömrünün uzunluğu artır, uşaq ölümü azalır. Bu, səhiyyənin səviyyəsini göstərən əsas amillərdən biridir.
Bir daha demək istəyirəm ki, Azərbaycan Tibb Universitetinin böyük tarixi, ənənələri, gözəl bu günü, gözəl gələcəyi vardır. Deyə bilərəm ki, biz həkimlərin bütün xahişlərini çalışırıq ki, yerinə yetirək. Belə gözəl klinikalar həm tədris, tibb mərkəzləridir, eyni zamanda, həkimlərin iş yeridir. Hər yerdə, hər şəhərdə, hər rayonda həkimlərin iş yeri də bax, belə olmalıdır. Bir daha qeyd etmək istəyirəm ki, bu gözəl klinikanın açılışı böyük əlamətdar hadisədir. Mən çox şadam ki, son illərdə biz sizinlə bərabər bu gözəl hadisələri qeyd etmişik. Tibb Universitetinin ardıcıllıqla klinikaları yaradılır. 2002-ci ildə stomatoloji, 2007-ci ildə onkoloji, 2010-cu ildə terapevtik klinikaları açılmışdır və indi cərrahiyyə klinikası artıq fəaliyyətə başlayır. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm." Universitetin rektoru Əhliman Əmiraslanov, kafedra müdiri Adilə Namazova, ikinci kurs tələbəsi Xatun Məmmədova Azərbaycanda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Sonra dövlətimizin başçısı və xanımı görüşün iştirakçıları ilə söhbət etdilər. Sonda xatirə şəkli çəkdirildi.