"Marabda-Kartsax" dəmir yolu MMC-nin yeni baş direktoru Oleq Biçiaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. O, yolun Marabda stansiyasından Tetrisxaro (Ağbulaq) rayonu ərazisinədək olan hissəsini nəzərdən keçirmişdir.
İşlərin gedişindən razı qalan baş direktor, 30 kilometrlik yolun tikintisinin bu ilin sonunadək başa çatdırılacağını bildirmişdir.
O. Biçiaşvili demişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan sahəsində işlər üç mərhələdə aparılır. Marabda-Tetrisxaro birinci mərhələdir və burada işlərin başa çatdırılması ilə növbəti mərhələdə işlər yüngülləşəcəkdir.
Baş direktor yolun tikintisinin dayandırılması barədə yayılmış məlumatın həqiqətə uyğun olmadığını və tikinti işlərinin yüksək sürətlə davam etdirildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, layihə başa çatdıqdan sonra o, Gürcüstan dəmir yoluna birləşdiriləcəkdir. İlkin mərhələdə yük daşıma 5 milyon ton təşkil edəcəkdir, sonra isə yük daşınmanın həcmi 15-20 milyon tona çatdırılacaqdır.
yap.org.az