Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində BPA-nın 18-ci İllik Konfransı, Ümumi Yığıncağı, habelə qurumun rəhbər orqanları olan İcraiyyə Komitəsinin və Senatın iclasları keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə ölkəmizi Assosiasiyanın senatoru, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə həmçinin, Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşları daxil edilib.
Senatın iclasında iştirak edən nazir BPA-nın fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, mühüm və mürəkkəb məsələlərin həllində Senatın rolu, yeni perspektivlər və s. məsələlər üzrə çıxış edərək konkret təkliflər verib və onlar qəbul ediliblər. Eyni zamanda, Assosiasiyanın fəxri üzvü olan Azərbaycanın ədliyyə nazirinin İcraiyyə Komitəsinin iclasında təşkilati məsələlərə dair müraciəti dinlənilib və irəli sürülən təşəbbüs yekdilliklə bəyənilib, Azərbaycanın BPA-nın inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.
İllik Konfransın təntənəli açılış mərasimində Rusiyanın Baş prokuroru Yuri Çayka və Assosiasiyanın prezidenti Ceyms Hamilton giriş nitqləri ilə çıxış edib, həmçinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müraciəti səsləndirilib, BMT-nin Baş katibinin müavini, Vyana ofisinin rəhbəri Yuri Fedotovun məruzəsi dinlənilib.
Dünyanın 100-ə qədər dövlətindən 850-dək nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi konfransda qanunun aliliyi, beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə, ədalətli məhkəmə hüququnun təmin edilməsi, hüquqşünasların treninqi və digər aktual məsələlər müzakirə edilib.
Tədbirdə Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi K.Əliyev "Cinayət təqibi və korrupsiya ilə mübarizə" mövzusunda çıxış edib, ölkəmizdə qəti siyasi iradə ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirlərini, əldə olunmuş nailiyyətləri, o cümlədən Azərbaycanın brendi sayılan "ASAN xidmət" mərkəzlərinin korrupsiyanın qarşısının alınmasında önəmli rolunu vurğulayıb. Nümayəndə heyətimizin üzvləri müxtəlif mövzular üzrə keçirilmiş müzakirələrdə fəal iştirak ediblər.
Təşkilati məsələlərə həsr olunan Ümumi Yığıncaqda isə Assosiasiyanın səlahiyyət müddəti bitən Prezidentinin və İcraiyyə Komitəsi üzvlərinin yerinə seçkilər keçirilib, Avstriyanın Prokurorlar Assosiasiyasının sədri Q.Yaroş BPA-nın yeni prezidenti, K.Əliyev isə növbəti dəfə İcraiyyə Komitəsinin üzvü seçilməklə ölkəmiz bu rəhbər qurumda yenidən təmsil olunub.
Konfrans zamanı Rusiyanın Baş prokuroru ilə səmimi görüş keçirilib, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub, ölkəmizin Assosiasiyanın inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Həmçinin, bir sıra digər dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların məsul nümayəndələri ilə əməkdaşlığa dair danışıqlar aparılıb.
sia.az