4 ay ərzində seçki xəbərləri xəbərlərin ümumi sayının 12,68 faizini təşkil edib
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı prezident seçkiləri ilə bağlı həyata keçirdiyi KİV-in monitorinqini və hesabatını açıqlayıb. SİA-nın məlumatına görə, hesabat və monitorinq may ayından bu yana qədərki dövrü əhatə edib.Hesabatla bağlı məlumat verən Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, AVCİYA seçki qərargahı tərəfindən bu günədək 25 rayonda prezident seçkiləri ilə bağlı seminar və təlimlər keçirilib. Onun sözlərinə görə, regionlarda seçki fəallığı avqust ayından yüksələn xətt üzrə inkişaf edir: "Monitorinqimizdə əsas yer tutan məsələlərdən biri seçki administrasiyasının fəaliyyəti olub. ATƏT-in İnsan Haqları Bürosu seçici siyahıları ilə bağlı iradını bildirib. Bu da əhalinin tez-tez yerdəyişməsi, miqrasiyası ilə bağlıdır. Düşünürəm ki, MSK yəqin bu tənqiddən sonra qapı-qapı dəqiqləşdirmə metoduna əl atıb. Aparılan müşahidələr zamanı məlum olub ki, cəmiyyətdə 9 oktyabr prezident seçkiləri, siyasi müzakirələrdə və kütləvi aksiyalarda iştirakla bağlı xüsusi maraq var. Vətəndaşlar çəkinmədən, sərbəst şəkildə siyasi tədbirlərdə, maarifləndirici aksiyalarda iştirak edirlər. İnternet media və sosial şəbəkələrdə seçki ilə bağlı məsələlərin diqqətdə saxlanılması, aparılan müzakirələr vətəndaş fəallığına müsbət təsiri qabarıq hiss olunmaqdadır".M.Zülfüqarlı qeyd edib ki, AVCİYA 2013-cü il may-avqust aylarında prezident seçkiləri ilə bağlı KİV-in monitorinqinin həyata keçirib. Monitorinq 4 iqtidar, 4 müxalifət və 4 müstəqil olmaqla 12 qəzetin, "Azərbaycan", "Xalq", "Azadlıq", "Yeni Azərbaycan", "Yeni Müsavat", "Bizim Yol", "Xalq Cəbhəsi", "Ayna-Zerkalo", "525-ci qəzet", "Ədalət, "Səs" və "Həftə içi" qəzetlərini əhatə edib: "Yuxarıda qeyd olunan 12 qəzetin monitorinqi sübut edir ki, 4 ay ərzində (may-avqust) ümumiyyətlə seçki xəbərləri xəbərlərin ümumi sayının 12,68 faizini, o cümlədən seçki ilə bağlı xəbərlər 9,80 faiz, informasiya xarakterli seçki xəbərləri isə 2,88 faiz təşkil edib. Fikrimizcə, 4 ay ərzində iqtidar qəzetlərinin müxalifət qəzetlərinə nisbətən seçki xəbərlərinə daha çox yer ayırması əsasən bu düşərgədə vahid namizədin, vahid siyasi kursun mövcudluğu ilə əlaqədardır".
sia.az