Azərbaycan Respublikasının Almaniyadakı səfirliyindən bildirmişlər ki, sentyabrın 12-də Bundestaqın Xristian-Demokrat İttifaqı/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasından olan deputatı Yürqen Klimke Ermənistana və oradan da rəsmi Bakının razılığı olmadan qeyri-qanuni yolla Azərbaycanın işğal altında olan ərazilərinə səfər etmiş və orada separatçı rejimin nümayəndələri ilə görüşlər keçirmişdir. Onun işğal olunmuş ərazilərə bu qeyri-qanuni səfər Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribatçı addımdır.
Bundestaqın deputatının işğal altındakı ərazilərimizə qanunsuz səfəri ilə bağlı səfirlik Y.Klimkeyə etiraz məktubu ünvanlanmış və ondan izahat verməsi tələb olunmuşdur. Həmçinin, səfirlik Bundestaqın CDU/CSU fraksiyasına müraciət edərək məsələyə münasibət bildirilməsini istəmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Almaniya hökumətinin mövqeyi məlumdur. Bu mövqeyə əsasən Almaniya hökuməti Azərbaycan Respublikasının ərazilərində mövcud olan nə qondarma rejimi, nə də onun hər hansı bir nümayəndəsini tanımır.
Y.Klimkenin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Almaniyanın Bakıdakı səfirliyi də bəyanat yaymışdır.
Eyni zamanda, Bundestaqın deputatı və CDU/CSU fraksiyasının xarici siyasət məsələləri üzrə sözçüsü Filip Misfelder də Y.Klimkenin işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfəri ilə bağlı Azərbaycanın səfiri Pərviz Şahbazova məktub göndərərək məsələyə fraksiyası adından münasibət bildirmişdir. O, Y.Klimkenin bu səfəri həyata keçirməsindən təəccübləndiyini və məyus olduğunu diqqətə çatdırmış, CDU/CSU fraksiyasından olan deputatın Dağlıq Qarabağa səfər etməsini səhv addım adlandırmış və bununla onun yanlış bir siqnal verdiyini vurğulamışdır. F.Misfelder bəyan etmişdir ki, Y.Klimke tərəfindən doğru addım Ermənistanın Azərbaycan torpaqlarını işğalını tənqid etmək və Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü diqqətə almaq olardı. Bu Y.Klimkenin şəxsi səfərdir, CDU/CSU fraksiyasına aidiyyəti yoxdur və fraksiya tərəfindən heç bir şəkildə dəstəklənmir.
F.Misfelder daha sonra bildirmişdir ki, CDU/CSU fraksiyası Almaniya hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini dəstəkləmişdir. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsini tələb edir. Təəssüflər olsun ki, bu qətnamələr bu günədək yerinə yetirilməmişdir.
yap.org.az