YAP Gəncə şəhər təşkilatının sədri: "Təşviqat mərhələsini yüksək səviyyədə həyata keçirəcəyik"
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında da 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçkilərinə hazırlıq işləri ilə əlaqədar ərazi ilk partiya təşkilatları sədrlərinin ümumi yığıncağı keçirilib. Tədbirdə şəhər partiya Təşkilatının İdarə Heyəti və Şura üzvləri, partiya fəalları iştirak ediblər.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev vurğulayıb ki, partiya tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasının başlanması ilə əlaqədar olaraq qarşıda duran vəzifələrdən biri də seçkilərinin azad, demokratik və şəffaf şəraitdə, mütəşəkkil keçirilməsidir: "Hazırda YAP Gəncə şəhər Təşkilatı özündə 248 ərazi ilk partiya təşkilatını birləşdirir. 30 mindən çox partiya üzvünün əksəriyyətinin gənclərdən ibarətdir. Bu isə qürurverici bir haldır. Müasir Azərbaycanın nüfuzunu, qüdrətini artıran əsas amillərdən biri ölkəmizin demokratikliyi, indiyədək keçirilən seçkilərdə şəffaflığın təmin olunmasıdır. Əvvəlcədən seçkilərə hazırlığı yüksək səviyyədə quran Yeni Azərbaycan Partiyası həmişə bu möhtəşəm siyasi kampaniyada qələbə qazanıb və 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentliyinə seçkilərdə də qalib gələcəyinə əmindir. Böyük təşkilati və insani potensial imkan verir ki, YAP seçki kampaniyasına mütəşəkkil hazırlaşmaqla, bu seçimi yüksək səviyyədə həyata keçirəcəkdir".
Tədbirdə YAP Gəncə şəhər Təşkilatı sədrinin müavinləri - AMEA-nın müxbir üzvü Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə çıxış ediblər. Çıxışlarda Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq müddəaları, seçkilərin prosedur qaydaları, seçicilərin hüquqlarının qorunması, seçki məntəqələri ərazisində seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi haqqında geniş məlumat verilib və müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
sia.az