Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərlə növbəti treninq keçirilib. YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova bununla bağlı bildirib ki, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası və onun fəal, qabaqcıl tərkib hissəsi olan Zərdab rayon təşkilatı prezident seçkiləri kampaniyası çərçivəsində uğurlu və səmərəli fəaliyyət göstərir: "Rayon təşkilatında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu il oktyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin seçkilərinin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün, prezidentliyə namizədlərin və seçicilərin konstitusion hüquqlarının reallaşdırılması üçün seçki kampaniyasına hazırlıq işləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə və YAP Zərdab rayon təşkilatında əvvəlcədən hazırlanmış fəaliyyət planına uyğun olaraq həyata keçirilir və müxtəlif seçki subyektlərinin maarifləndirilməsi üçün zəruri addımlar atılır."
Pərvin Mahmudova onu da qeyd edib ki, məşvərətçi səs hüquqlu üzvlərin hər birinə MSK tərəfindən hazırlanmış "9 oktyabr 2013 Azərbaycan Respublikası Prezidentinin seçkiləri - seçki günü üçün yaddaş kitabçası və Yeni Azərbaycan Partiyasının seçki qərargahı tərəfindən hazırlanmış seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında" təlimatlar paylanılıb.
Yığıncaqda iştirakçılar öz üzərlərinə düşən şərəfli missiyanı ləyaqətlə və yüksək fəallıqla yerinə yetirəcəklərini və 9 oktyabrda keçiriləcək prezident seçkilərinin Azərbaycanda demokratiyanın inkişafına xidmət edən tarixi proses kimi yadda qalacağına əminliklərini ifadə ediblər.
Rəfiqə HÜSEYNOVA