PDF Oxu

Siyasət

  • 12

"Bilik Günü" Suraxanı rayonunda qeyd olunub

"Bilik Günü" Suraxanı rayonunda qeyd olunub

Rayon məktəblərində 8-11-ci siniflərdə ilk dərs "Mənim ölkəm, mənim şəhərim, mənim rayonum" vətənpərvərlik mövzusuna həsr olunub

Respublikamızın bütün təhsil müəssisələrində "Bilik Günü" təntənəli şəkildə qeyd olunub. İlk dərs günündə otra təhsil müəssisələrində böyük canlanma, sevinc yaşanılıb. Bakının Suraxanı rayonu ərazisində yerləşən bütün təhsil ocaqlarında da tədbirlər təşkil olunub. Belə tədbirlərdən biri rayonun Hövsan qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilən 76 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tehranə Tağıyeva qonaqları salamlayaraq məktəbin kollektini, bütün məktəbliləri yeni dərs ili münasibəti ilə təbrik edib: "Çox sevidirici haldır ki, 2013-2014-cü tədris ilində şagirdlər əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş məktəbdə dərs alacaqlar. Təhsilə göstərilən diqqət və qayğıya görə məktəbin kollektivi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdardır".

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov son illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunduğunu vurğulayıb. O bildirib ki, əldə olunan nailiyyətlər Azərbaycan təhsilinin inkişafında uzun illər rol oynayacaq: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Bülbülə qəsəbəsində olarkən keçirdiyi görüş zamanı qəsəbə sakinləri burada yeni məktəbə ehtiyac olduğunu bildirmişlər. Dövlət başçısı elə həmin gün Bülbülə qəsəbəsində 640 şagird yerlik ümumtəhsil məktəbinin binasının tikintisinə başlamaq haqqında Sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsindən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb binasının inşasına başlanılmış və Cənab Prezidentin tapşırığına uyğun olaraq, 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmiş və keçən tədris ilində şagirdlərin istifadəsinə verilmişdir".

Rayon icra başçısı bildirib ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonda həyata keçirilən tədbirlər nəticəsində 12 məktəb əsaslı təmir olunub. Dövlət Proqramı çərçivəsində həyata keçirilən Tədbirlər Planına əsasən, 2013-cü ildə 5 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, onlardan 76, 270, 275, 281 nömrəli məktəblərdə əsaslı təmir işləri başa çatdırılıb.

İ.Abbasov təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılmasına da diqqəti yönəldərək, dövlət tərəfindən hər zaman təhsilə, bu sahədə çalışan mütəxəssislərə diqqətin olduğunu bildirib. O, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və digər irimiqyaslı layihələri çərçivəsində tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində reallaşan layihələri də qeyd edib.

İ.Abbasov bildirib ki, ötən tədris ilində Suraxanı rayonu ərazisində fəaliyyət göstərən təhsil işçiləri bir sıra nailiyyətlər qazanıblar. Belə ki, 2012-2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibləri arasında 275 saylı tam orta məktəbin adı da var. 2012-2013-cü tədris ilində rayon ərazisində yerləşən 34 orta ümumtəhsil məktəbini və xarici dillər təmayüllü gimnaziyanı 1899 şagird bitirmiş, onlardan 1631 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, 992 nəfəri tələbə adını qazanmışdır. Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamışdır. Yüksək balla ali məktəbə daxil olmuş 5 məzun isə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 13 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə Prezident təqaüdçüsü adına layiq görülmüşdür. Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Sonra ilk zəng şagirdləri dərsə səsləyib.

Qeyd edim ki, rayonun bütün məktəblərində 8-11-ci siniflərdə ilk dərs "Mənim ölkəm, mənim şəhərim, mənim rayonum" vətənpərvərlik mövzusuna həsr olunub. Şagirdlərə son illərdə ölkəmizdə, şəhərimizdə, rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, o cümlədən Azərbaycan təhsilinə göstərilən diqqət və qayğıdan ətraflı danışılıb. 5-11 sinif şagirdlərinin hər birinə bu uğurlardan bəhs edən xüsusi kitab hədiyyə edilib.

İlk dərsdə rayon rəhbərliyi, Milli Məclisin deputatları iştirak ediblər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər