"1995-ci ildən bəri həbs yerlərində, istintaq təcridxanalarında saxlanılan, təqsirləndirilən və cəza çəkən məhbusların səsvermə hüququndan istifadə edərək, səsverməsinin təmin edilməsi ilə bağlı müvafiq addımlar atılır". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası Prezidenti seçkilərinin pentensiar müəsisələrdə təşkili məsələləri" mövzusunda seminar-müşavirədə Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.Nazir müavini bildirib ki, bu istiqamətdə Ədliyyə Nazirliyi Mərkəzi Seçki Komissiyası ilə qarşılıqlı fəaliyyət həyata keçirir: "Cəmiyyətimizin hər bir üzvünün seçki prosesində iştirak etməsi onların konstitusion hüququdur. Səsvermə hüququ Azərbaycan vətəndaşlarının suveren hüququdur".Azər Cəfərov deyib ki, Pentensiar müsəssisələrdə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün işlək icra mexanizmləri yaradılıb: "Artıq pentensiar müəssisələrdə səsvermənin keçirilməsi üçün seçki məntəqələri yaradılıb. Həmin gün cəzaçəkmə müəssisələrində təkcə məhbuslar yox, eyni zamanda həmin qurumlarda xidmət aparan növbətçi əməkdaşlar və hərbi qulluqçular da səsvermədə iştirak edir. Cəzaçəkmə müəssisələrində namizədlərin və onların səlahiyyətli nümayəndələrinin də məhbuslarla görüşlərinə icazə verilir".Nazir müavini qeyd edib ki, 2008-ci ildə keçirilən prezident seçkilərində səsvermə hüququ olan məhbuslardan 17.700 nəfərdən 99,3 faizi öz hüququndan istifadə edərək, bu seçkidə iştirak edib. Həmin məhbusların – seçicilərin 93,9 faizi də ölkə Prezidenti İlham Əliyevə səs verib. Sonuncu - 2010-cu ildə keçirilən parlament seçkilərində isə 16.603 məhbus – seçicidən, 99 faizi öz hüququndan yararlanaraq, səsvermədə iştirak edib.A.Cəfərov vurğulayıb ki, səsvermə günü seçki prosesini izləmələri üçün media orqanlarına bütün şərait yaradılacaq.
sia.az