"Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası sentyabrın 16-da başlanıb. Kampaniyada iştirak etmək üçün namizədliyi irəli sürülən bütün şəxslərə bərabər imkanlar yaradılıb". Bu sözləri SİA-ya Millət vəkili, professor Musa Qasımlı ötən gün Milli Şuranın keçirdiyi mətbuat konfransında hakimiyyət əleyhinə söylənən fikirlərə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, sentyabrın 15-nə qədər Prezident İlham Əliyevin televiziyalarda, rəsmi xəbərlərdə görünməsinin təbliğat- təşviqat kampaniyası ilə heç bir əlaqəsi yoxdur: "İlham Əliyev ölkə prezidentidir. O, ölkənin daxili və ya xarici siyasəti ilə bağlı müxtəlif görüşlər keçirir. Ölkə başçısının görüşləri ilə bağlı informasiyaların televiziya və ya digər mətbuat orqanlarında yayılması seçki təbliğatı demək deyil. Bu məsələyə seçki təbliğatı kimi yanaşmaq yanlışlıqdır. Dövlət başçısı özünün prezidentlik səlahiyyətlərini yerinə yetirir. Bu məsələdə Seçki Məcəlləsi pozulmur".Millət vəkili həmçinin Milli Şuranın ölkə başçısının verdiyi sərəncamlarla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. O deyib ki, Prezident İlham Əliyevin əhalinin maaşlarının artırılması ilə bağlı verdiyi Sərəncamların seçkilərlə heç bir əlaqəsi yoxdur: "Dövlət rəhbəri müntəzəm olaraq müxtəlif sahələrdə çalışan işçilərin əməkhaqlarını artırır. Bu prosesi seçki ilə əlaqələndirmək düzgün deyil".
sia.az