Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına "İlhamla irəli" devizi ilə ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi, Yardımlıda da uğurla start verilib. Sentyabrın 16-da Yardımlı rayonunun Ərus ərazisində təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib. Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, professor Mircəfər Həsənov və Ərus ərazisinin sakinləri iştirak edib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev açaraq qeyd edib ki, Azərbaycanın sürətli inkişafı, beynəlxalq arenada nüfuzunun daha da güclənməsi dünya xalqlarının və dövlətlərinin ölkəmizə marağını gündən-günə artırır. "Son 10 il ərzində cənab İlham Əliyevin apardığı məqsədyönlü, düzgün sosial-iqtisadi siyasət əhalinin güzəranının daha da yaxşılaşdırılmasına, ölkədə genişmiqyaslı quruculuq-abadlıq işlərinin genişlənməsinə imkanlar yaradıb. Yardımlı sakinləri daim ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasətin ən layiqli davamçısı, konkret və real işləri ilə qəlbimizdə yer alan, doğma xalqını nurlu gələcəyə aparan cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Hamı əminliklə bildirir ki, ölkə başçısı xalqımızın dəstəyi ilə 9 oktyabr prezident seçkilərində qələbə qazanacaq".
Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, 2003-cü, 2008-ci illərdə ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev demokratik və şəffaf seçkilərdə YAP-ın namizədi olaraq qələbə qazanıb və ölkə Prezidenti seçilib. Ötən seçkilərdə müdrik xalqımız doğru seçim etdi və Azərbaycan ən böyük uğurlarına imza atdı. İqtisadi, mədəni və sosial sahədə mühüm islahatlar həyata keçirildi, neft və qeyri-neft sektorunda yeni-yeni nailiyyətlər əldə olundu. Oktyabrda da ölkənin daim inkişafını dəstəkləyən xalq öz doğru seçimini edəcək.
Professor Mircəfər Həsənov çıxış edərək, dahi Heydər Əliyevin ideyalarının bəhrələrindən, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin xalq tərəfindən yekdilliklə dəstəklənməsindən söhbət açıb.
YAP Ərus ərazi ilk partiya təşkilatının sədri Səfiqulu Babayev, YAP fəallarından Əkbər Əkbərov, Vaqif Zeynalov və digər ictimaiyyət nümayəndələri ölkə Prezidenti İlham Əliyevin fəaliyyətini dəstəklədiklərini, 9 oktyabrda seçki məntəqələrinə gedib cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.