PDF Oxu

Siyasət

  • 12

Nurlu sabaha aparan yol...

Nurlu sabaha aparan yol...

Azərbaycan xalqı xoşbəxt xalqdır. Bunu bir çox səbəblərə əsaslanaraq çəkinmədən demək mümkündür. Yaşadığımız Azərbaycan adlı məmləkətin yerləşdiyi təbii-coğrafi mövqeyi, əlverişli iqlim qurşağında yerləşməsi, zəngin yerüstü və yeraltı sərvətlərə malik olması kimi amillər xalqımızın xoşbəxt xalq olduğuna bariz şəkildə sübutdur. Ölkəmizin bu cür zəngin təbii sərvətlərə malik olması, həddindən artıq əlverişli təbii - coğrafi mövqeyi tarix boyu Azərbaycanın qonşuluğunda yerləşən bir çox dövlətləri narahat etmişdir. Məhz bu səbəbdən ölkəmizin qonşuluğunda yerləşən müəyyən ölkələr Azərbaycanın var-dövlətinə sahib olmaq istəmişlər. Bununla da əlaqədar olaraq ölkəmiz tarix boyu müxtəlif münaqişələrə cəlb olunmuşdur. Xalqımız bu münaqişələr nəticəsində ağır günlər keçirsə də Ulu Tanrı bizimlə olmuş və Azərbaycanı bəlalardan xilas etmişdir.

Xalqımızın digər bir xoşbəxtliyi isə ondadır ki, Ulu Tanrı Azərbaycan xalqına dəfələrlə çətin anlar yaşadığımız 20-ci yüzillikdə dahi şəxsiyyət Heydər Əliyevi bəxş etmişdir. Heydər Əliyev – məhz bu dahi insan 20-ci yüzillikdə xalqımıza misilsiz xidmətlər göstərmiş, Azərbaycan xalqını yaranmış bəlalardan xilas edərək, məhv olmaq təhlükəsini aradan qaldırmış və xalqımıza müstəqil dövlət bəxş etmişdir.

"İqtisadiyyatı güclü olan dövlət hər bir şeyə qadirdir" prinsipini əsas tutan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin güclənməsi, bütün dünyada nüfuzunun artması və xalqın firavan yaşaması üçün əlindən gələni etmişdir.

Hələ Respublikamız Sovetlər birliyinin tərkibində olduğu zaman Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə çox böyük dönüş yaranmış oldu. Belə ki, 1969-cu ildə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə böyük önəm verməyə başladı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində 70-ci illərdə Respublikada idarəçiliyin güclənməsi, tələbkarlığın artırılması nəticəsində xalq təsərrüfatında mühüm irəliləyişlər əldə olundu. Heydər Əliyevin qətiyyətli bacarığı və gərgin əməyi nəticəsində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün vəsait ayrılaraq müvafiq qərarların qəbul edilməsinə nail olundu.

Bu dövrdə iqtisadiyyatın inkişafında neft amili mühüm rol oynaya bilərdi. Məhz ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində neft sənayesində tənəzzülü aradan qaldırmaq üçün kəşfiyyat işləri genişləndirildi.

Azərbaycan neftçiləri SSRİ-nin bütün neft-qaz yataqlarında, hətta xarici ölkələrdə neft yataqlarının kəşf edilməsində fəal iştirak edirdilər. Neft emalı müəssisələri sürətlə inkişaf etdirilirdi. Neftayırma zavodlarında neftin ilkin emalı üçün yeni qurğular işə salınırdı. Neftayırma zavodlarında yeni qurğuların işə salınması bu müəssisələrdə 90 adda müxtəlif məhsulların istehsalına imkan yaratmışdı. Bu illərdə Respublikanın neftmaşınqayırma zavodlarında da əsas sexlər yenidən qurulmuş, yeni istehsal sahələri istifadəyə verilmişdi.

Respublikaya rəhbərlik edən Heydər Əliyevin göstərdiyi böyük diqqət və qayğı nəticəsində neft sənayesi görünməmiş dərəcədə inkişaf etmişdi. Neft sənayesinin inkişaf etməsi isə öz növbəsində respublika iqtisadiyyatının ümumilikdə inkişafına əsaslı zəmin yaratmışdı.

Sovetlər birliyi dağıldıqdan sonra isə digər respublikalar kimi Azərbaycan da müstəqillik əldə etdi. Müstəqilliyin ilk illərində ölkədə hər bir sahədə vəziyyət son dərəcə ağır idi. Azərbaycanın bədnam ermənilər tərəfindən müharibəyə cəlb olunması və eyni zamanda səriştəsiz hakimiyyət nümayəndələrinin respublikaya rəhbərlik etmələri vəziyyəti daha da ağırlaşdırırdı. Azərbaycanın müstəqilliyi, həmçinin xalqımızın gələcəkdə bir xalq kimi mövcudluğu belə təhlükə qarşısında idi. Bu cür təqdirdə isə ölkədə heç bir sahədə inkişafdan söhbət belə gedə bilməzdi. Xalqa isə yalnız qurtuluş lazım idi. Bu çətin dövrdə Ulu Tanrı Azərbaycan xalqının üzünə güldü. Belə ki, Ulu Tanrı xalqımıza öz xilaskarını bəxş etdi.

Ümummilli lider Heydər Əliyevin ölkəyə qayıdışı ilə respublikada həyat öz axarına qayıtdı. Qısa bir zamanda ölkədə asayişi bərqərar edərək atəşkəsə nail olan ulu öndər Heydər Əliyev respublikada bütün sahələrin canlanması üçün lazımi tədbirlər görməyə başladı. Ölkə iqtisadiyyatının qurulması isə ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətin aparıcı sahəsi idi. Çünki iqtisadiyyat hər bir sahənin əsasını təşkil edir. Bu dövrdə Azərbaycan iqtisadiyyatının inkişafının əsasında yalnız neft amili dura bilərdi.

Ulu öndər Heydər Əliyevin uzaqgörən xarici siyasəti, habelə Azərbaycanda baş verən müsbət proseslər nəticəsində sabit bir ölkə kimi ona göstərilən inam və etimadın mühüm təzahürlərindən biri 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorunun zəngin yanacaq ehtiyatlarından birgə istifadə etmək məqsədilə nüfuzlu xarici şirkətlərlə ilk beynəlxalq müqavilənin imzalanması oldu. Dünyanın 7 ölkəsinin 11məşhur neft şirkətinin iştirakı ilə imzalanmış olan bu müqavilə tarixə "Əsrin müqaviləsi" kimi daxil oldu. Ölkənin dövlət neft strategiyasının təməlində duran bu böyük beynəlxalq iqtisadi əməkdaşlıq aktı bütövlükdə Azərbaycan iqtisadiyyatının tezliklə dirçəlişində həlledici əhəmiyyət kəsb etmişdir.

Ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafına xüsusi diqqət və qayğısı, eləcə də onun bu sahədə düşünülmüş uğurlu siyasəti qısa zamanda öz müsbət nəticələrini verməyə başladı.

1994-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti təyin olunması əsl vaxtında verilmiş bir qərar idi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir.

Əhalinin sosial rifahının yüksəldilməsi, ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırılması üçün misli görünməmiş layihələr həyata keçirilirdi. Bütün bunlar ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı, həmçinin şəxsi rəhbərliyi altında həyata keçirilirdi. Neft layihələrinin reallaşdırılması çərçivəsində on minlərlə yeni iş yerləri açılmışdı.

1999-cu il dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xüsusi fərmanı ilə "Dövlət Neft Fondu" yaradıldı. Dövlət Neft Fondunun yaradılmasında məqsəd neftdən əldə olunan gəlirlərin burada cəmləşdirilərək iqtisadi və sosial vəzifələrin həllinə kömək etmək, habelə toplanmış vəsaitləri gələcək nəsillər üçün qoruyub saxlamaq olmuşdur. Ölkə Prezidentinin qərarına əsasən, Neft Fondundan ilk vəsait qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrılmışdı. Həmin dövrdə paralel olaraq, əhalinin elektrik enerjisi və qaz ilə təchizatının yaxşılaşdırılması məsələləri də həll olunmuşdur.

Neft hasilatının səviyyəsi hər il artır və bir neçə boru kəməri vasitəsilə Azərbaycan nefti artıq dünya bazarlarına çıxarılırdı. Bütün bunların mümkün olacağına bəziləri inanmırdı, yaxud inanmaq istəmirdi. Lakin ulu öndər Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi bütün bunları reallığa çevirdi. Ölkənin iqtisadi inkişafında, habelə dünyada Azərbaycanın siyasi çəkisinin artmasında Heydər Əliyevin neft strategiyası xüsusi rol oynayırdı.

Bütün görülmüş bu işlər, əldə olunmuş uğurlar müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mövcud olmuşdur. Ulu öndərimizin əsas məqsədi neft sektorunu inkişaf etdirməklə əldə olunan vəsaiti qeyri-neft sektoruna yönəltmək və ümumilikdə Azərbaycan iqtisadiyyatını gücləndirmək idi. Siyasətdə neft amilindən istifadə olunması ölkəmizin neft strategiyasının tərkib hissəsi olmaqla yanaşı bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə də xidmət etmişdir.

Dünyada elmi-texniki tərəqqinin inkişafının əsasında neft durur. Neft dünya iqtisadiyyatının inkişafında böyük rol oynamış, hətta ölkələrin daxili və xarici siyasətinin aparıcı amilinə çevirilmişdir. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan bu cür ölkələrdən birinə çevrilib və o, öz təbii sərvətlərinin əsl sahibi, əsl ağasıdır. Şübhəsiz ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyasının təntənəsidir ki, artıq Azərbaycan dünyada iqtisadi cəhətdən güclənmiş və beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir. Günü gündən güclənən dövlətimiz neftdən əldə etdiyi gəliri qeyri-neft sektoruna yönəltməklə ölkədə hərtərəfli inkişafa nail olmaqdadır. Bu gün Azərbaycan dünyada yalnız neft ölkəsi kimi deyil, turizm ölkəsi, məşhur idmançılar ölkəsi, bir sözlə dinamik inkişaf edən bir ölkə kimi də tanınır. Bütün bunlar isə cənab prezidentimiz İlham Əliyevin ölkədə həyta keçirdiyi uğurlu siyasətin məhsuludur.

Anar Şahmuradov

YAP Ağdaş rayon Gənclər Birliyinin sədri

yap.org.az

Digər xəbərlər