balzas.lt saytında Litva-Azərbaycan Assosiasiyasının prezidenti İmantas Melyanasın "Postsovet məkanında "oyuncaq dövlətlər"in siyahısı uzanıbmı?" sərlövhəli məqaləsi dərc olunmuşdur.
Məqalənin müəllifi İ.Melyanas keçmiş Sovet İttifaqı ərazilərində "dondurulmuş münaqişə"lərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş verməsi səbəblərini açıqlayır.
Litva-Azərbaycan Assosiasiyasının prezidenti diqqətə çatdırır ki, münaqişədən zərər çəkmiş dövlətlərə dondurulmuş münaqişələrin həlli zamanı bir neçə əsas prinsipi - sərhədlərin toxunulmazlığı, təyini-müqəddərat, güc tətbiq etməmək prinsiplərini rəhbər tutmaq təklif olunur.
Hərbi əməliyyatlardan və Ermənistanın apardığı etnik təmizləmədən əvvəl Dağlıq Qarabağın əhalisinin 800 min nəfər olduğunu, indi isə 140 min nəfər təşkil etdiyini bildirən İ.Melyanas əhalinin çox hissəsi qovulduqdan sonra qalan azlığın "öz müqəddəratını" necə təyin edə biləcəyi ilə bağlı sual verir. Assosiasiyanın prezidenti qeyd edir ki, qondarma dövlət qurumlarının əsas məqsədi guya həll edilməmiş ərazi mübahisələrinin olması səbəbindən Gürcüstanın, Moldovanın, Azərbaycanın NATO-ya üzv qəbul edilməsinə yol verməməkdir.
İ.Melyanas yazır ki, Ermənistan Gömrük İttifaqına daxil olduqdan sonra oyuncaq dövlətə çevriləcəkdir. Bu mənada Ermənistanı unutmaq olar, lakin Azərbaycanı və onun qanun tələblərini yada salmaq hələ gec deyildir. İ.Melyanas soruşur: "Nə vaxta qədər özümüzü narahat göstərəcək və eyni zamanda təcavüzkarın hərəkətlərinə göz yumacağıq ?"
yap.org.az