İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ölkəmizdə keçiriləcək Prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Tana de Zulueta ilə görüşüb.
E.Süleymanova qarşıdan gələn prezident seçkiləri ilə bağlı seçki hüquqlarının prioritet məsələ olduğunu diqqətə çatdırıb. Müşahidə missiyasına Seçki Məcəlləsinə edilən zəruri əlavə və dəyişikliklər, Azərbaycan Prezidentinin seçki praktikasının təkmilləşdirilməsi və insan hüquqlarının qorunması ilə bağlı sərəncamları, Seçki Məcəlləsinə və müvafiq təlimatlara uyğun olaraq aparılan işlər barədə məlumat verilib. Qeyd olunub ki, dairə və məntəqə seçki komissiyaları üçün təlimlər və seminarlar keçirilib, seçki məntəqələri müasir avadanlıqla, informasiya texnologiyaları ilə təmin edilib, seçki hüquqları sahəsində müntəzəm maarifləndirmə işi aparılıb. Həmçinin seçkiqabağı görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlər ayrılmış və bu, ictimaiyyətə açıqlanıb.
E.Süleymanova "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Müvəkkil tərəfindən regionlarda keçirilmiş ictimai dinləmələrdə yerli icra hakimiyyətlərinin, məhkəmə, prokurorluq və polis şöbələrinin rəhbərləri, bələdiyyələrin, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri və geniş ictimaiyyətlə yanaşı, dairə seçki komissiyalarının sədrlərinin də iştirak etdiyini, səmərəli müzakirələr aparıldığını söyləyib.
Qonaqlara məlumat verilib ki, seçki hüquqlarının təmin olunması məqsədilə Müvəkkil tərəfindən regional maarifləndirmə tədbirləri davam etdiriləcək, dairə seçki komissiyalarında və seçki məntəqələrində müşahidələr aparılacaq.
Müşahidə missiyasının rəhbəri xanım Tana de Zulueta Ombudsmanın bu sahədəki fəaliyyətini müsbət qiymətləndirib, təkliflərinin səmərəli olduğunu söyləyib və ona bir sıra suallar ünvanlayıb.
Sualları ətraflı cavablandıran Müvəkkil insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının müdafiəsinin və həyata keçirilməsinin prioritet məsələlərindən biri olduğunu, respublikamızda sosial-iqtisadi və hüquqi islahatlarla yanaşı, mətbuatın inkişafı və özünütənzimləməsi istiqamətində də köklü dəyişikliklər aparıldığını vurğulayıb. Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının, mətbuat orqanlarına dəstək göstərilməsinin bu inkişafı şərtləndirdiyi diqqətə çatdırılıb.
sia.az