Azərbaycanda bu il oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, sentyabrın 16-dan prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bəs, bu seçkilərdə xalq daha çox hansı namizədə etimad göstərir, etibar edir və kimi prezident kürsüsünə layiq görür?
Bununla bağlı şəhər sakinləri arasında sorğu keçirdik.
Vahid Aslanov, 2-ci qrup əlil:
- Təbii ki, 9 oktyabr prezident seçkiləri günü səsimizi Cənab İlham Əliyevə verəcəyik. Çünki biz yenə də Cənab İlham Əliyevi prezident görmək istəyirik. Ümumiyyətlə, Cənab İlham Əliyev Azərbaycan dövlətinin inkişaf etməsi xalqın sosial rifah halının yaxşılaşdırılması üçün əlindən gələn hər şeyi edib. Bunun da nəticəsi göz qabağındadır. Azərbaycanın uğurlu inkişafı Cənab İlham Əliyevin atdığı nailiyyətlərlə bağlıdır. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə, zəfərlərə ruhlandırır.
Adilə Qocayeva, kitabxanaçı:
- Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsidir. Nə yaxşı ki, Ulu Öndərimizin Azərbaycan üçün gördüyü işlər Onun varisi olan Cənab İlham Əliyevin rəhbərliyi ilə 10 ildir davam edir. Son 10 ilin nailiyyətləri sübut edir ki, Ulu Öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün bütün nəzərdə tutduğu işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Təbii ki, həmişə olduğu kimi, bu dəfə də Cənab İlham Əliyevi dəstəkləyəcəyik.
Firudin Səfərov, yazıçı və prezident təqaüdçüsü:
- Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir. Bu yol Azərbaycan insanına xidmət etmək yoludur, bu yol Azərbaycan vətəndaşının maddi rifahına və bütün sahələrin inkişafına xidmət edən yoldur. Cənab İlham Əliyev də bunu layiqli səviyyədə həyata keçirir. Bütün bunlar isə Cənab İlham Əliyevin dövlətçilik sahəsində böyük təcrübəyə və xüsusilə, yaradıcılıq təcrübəsinə malik olmasının nəticəsidir. Mən də bu xalqın bir nümayəndəsi olaraq prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyini dəstəkləyərək, səs verəcəyəm.
Gülyaz Qasımova, şəhər sakini:
- Prezident seçkilərinə hazırlıqdan görünür ki, cəmiyyətin bütün təbəqələri arasında bir fəallıq müşahidə olunmaqdadır. Bu da insanların öz taleyinə biganə qalmadığını göstərir. Söz yox ki, bu dəfə də xalqın seçimi dəyişməz qalacaq. Yəni xalq yenə də Ulu Öndər Heydər Əliyev yoluna, Onun ən layiqli siyasi varisi Cənab İlham Əliyevin Prezident seçilməsinə səs verəcəklər.
Fərhad Absalamov, şəhər sakini:
- İnsanlar 9 oktyabr prezident seçkilərində Cənab İlham Əliyevə səs verməklə, Azərbaycanın uğurlu gələcəyinə səs vermiş olacaqlar. Bir sözlə, Azərbaycan xalqı Cənab İlham Əliyevi dəstəkləyir və Onu növbəti dəfə Prezident görmək istəyir. İnsanların sosial rifahının artması, məhz Cənab İlham Əliyevin fəaliyyətinin uğurlu nəticəsidir. Yəni, Cənab İlham Əliyev ölkə vətəndaşlarının daha da yaxşı yaşaması üçün hər cür şərait yaradıb.
GÜLYANƏ,
İNTİZARƏ