PDF Oxu

Siyasət

  • 16

"Milli Şura"nın namizədi seçki qanunvericiliyini pozaraq vaxtından tez seçki platformasını ictimaiyyətə açıqlayıb

"Milli Şura"nın namizədi seçki qanunvericiliyini pozaraq vaxtından tez seçki platformasını ictimaiyyətə açıqlayıb

Yeni Azərbaycan Partiyası hələ də böyüklüyünü nümayiş etdirir

Azərbaycanda prezident seçkilərində iştirak edən namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb. Seçki Məcəlləsinin tələblərinə görə, seçkilərin baş tutmasına 23 gün qalmışadək namizədin tərəfdarları təbliğat fəaliyyətinə start verirlər. Çox təəssüflər olsun ki, radikal müxalifəti təmsil edən "Milli Şura" bütün qanunları pozaraq, vaxtından əvvəl təbliğata başlayıb. Ötən yazılarımızda da bildirmişdik ki, dağıdıcı müxalifətin nəzarətində olan mətbuat orqanları "Milli Şura"nın və Cəmil Həsənlinin təbliğatını aparmaqla bərabər qanuna zidd əməlləri YAP-ın namizədinin üzərinə atmağa da çalışırlar. Əlbəttə ki, bunun tamamilə yalan olması, reallığı əks etdirməməsi hər kəsə bəllidir. Hətta Yeni Azərbaycan Partiyasının rəsmisi də bunun yanlış olmasını faktlarla sübut edib. Məsələn, YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, bu, tamamilə əsassız iddiadır: "Çünki İlham Əliyev bütün dövrlərdə regionlara səfər edir, sərəncamlar verir, yeni abadlıq işlərinin təməlini qoyur və sair. Cənab Prezident ötən il də, ondan əvvəlki il də eyni qaydada regionlara səfər edib, açılışlarda iştirak edib, yerli sakinlərlə ünsiyyətdə olub. Bu, onun işinin tərkib hissəsidir, mütəmadi fəaliyyətidir və bunun heç birinin seçki kampaniyasına aidiyyəti yoxdur. Biz seçkidən-seçkiyə xalqın yanına getmirik, daim xalqla birlikdəyik".

Müxalifət isə təbliğat-təşviqat kampaniyası başlamamışdan qəzetlərdə, saytlarında "Milli Şura"nın namizədinin reklamı, kampaniyası ilə məşğul olmağa başlayıblar, hansı ki bu, Seçki Məcəlləsi ilə qadağan olunub. Məcəllənin 75-ci maddəsində aydın göstərilir ki, seçkiqabağı təşviqat seçkiyə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış bitir. Müxalifət isə bunu kobud şəkildə pozur və təbliğat kampaniyası başlamamışdan onlar kampaniyaya başlayıblar. Təkcə sentyabrın 11-də YAP tərəfindən aparılmış monitorinqin nəticələrinə əsasən, "Milli Şura"nın namizədi Cəmil Həsənli ilə bağlı"Azadlıq" qəzeti və digər qəzetlərdə sırf kampaniya xarakterli başlıqlar onlarladır. Məsələn, "Azadlıq" qəzeti 11 sentyabr 2013-cü ildə verdiyi yazıları nəzərdən keçirək: Başlıq: "Azadlığ"ın kollektivi Cəmil Həsənlinin kampaniyasına yardım etdi". Ardınca, "Biz onun kampaniyasına təkcə maddi deyil, bütün imkanlarımızla dəstək verməyi özümüzə borc bilirik". Digər yazının başlığı: "Tanınmış hüquqşünaslardan Cəmil Həsənliyə dəstək!", "Məhəmməd Hatəmidən Cəmil Həsənliyə dəstək!", yaxud "Xalqın Cəmil Həsənli kimi liderə ehtiyacı var" və sair. Bu yazılarda da Cəmil Həsənliyə etimad göstərilməyə çağırışlar edilir. Qəzetdə daha sonra Cəmil Həsənlinin bank hesabını dərc edib kampaniya üçün ianələr yığırlar. Bundan başqa, "Yeni Müsavat" qəzetində sentyabrın 11-də kampaniya xarakterli yazılar yer alır. Məsələn, "Əli Kərimli Cəmil Həsənliyə dəstək üçün çağırış etdi", yaxud "Tanınmış hüquqşünaslar Cəmil Həsənliyə dəstək verdilər" və sair.

Bu mənada Yeni Azərbaycan Partiyası "Milli Şura"nın prezidentliyə namizədinin namizədliyinin ləğv edilməsi ilə bağlı şikayət hüququnu özündə saxlayır. YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, "Milli Şura"nın namizədi seçki qanunvericiliyini pozaraq vaxtından tez seçki platformasını ictimaiyyətə açıqlayıb. Bununla bağlı MSK-ya müraciət edib "Milli Şura"nın prezidentliyə namizədinin seçki qanunvericiliyini kobud surətdə pozduğuna görə namizədliyi məsələsinə baxılması ilə bağlı şikayət məktubu hazırdır və YAP istənilən an bununla bağlı müraciət edə bilər: "Amma biz indi mənəvi dəyərləri uca tutaraq humanistlik nümayiş etdirərək rəqiblərimizi seçki prosesindən uzaqlaşdırmaq niyyətindən uzağıq. Amma bu, o demək deyil ki, bu hüququmuzdan geri çəkilmişik. Müraciət etmək üçün hələ ki, vaxtımız var".

Ə.Əhmədov bununla YAP-ın böyüklük nümayiş etdirib müxalifətə bir mənəvi dərs vermək niyyətində olduğunu deyib: "Qoy onlar da bundan nəticə çıxarsınlar..."

Bununla yanaşı, dağıdıcı müxalifətin qanun pozuntusu həm mətbuat, həm də digər sahələrdə getdikcə artır. Ona görə də, YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası "Milli Şura"nın təşəbbüs qrupu tərəfindən prezidentliyə namizəd Cəmil Həsənlinin seçki qanunvericiliyini pozması ilə bağlı beynəlxalq təşkilatlara, eyni halı "Azadlıq" qəzeti davam etdirdiyi təqdirdə isə Mətbuat Şurasına şikayət ünvanlayacaq.

S.Novruzov qeyd edib ki, C.Həsənli təbliğat-təşviqat kampaniyasına start verilmədən seçki təbliğatına başlayıb: "Cəmil Həsənli Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozub, eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq, təbliğat-təşviqat kampaniyası aparıb. Ödənişli seçkiqabağı təşviqat prosesinə qoşulmaqla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməyən "Azadlıq" qəzetinin də onun təbliğat kampaniyası ilə məşğul olması ciddi qanun pozuntusudur. MSK-nın saytında da seçkiqabağı təşviqat kampaniyasında iştirak edəcək mətbuat orqanları siyahısında da "Azadlıq" qəzetinin adı yoxdur. Məsələn, biz "Azərbaycan" qəzetində pulsuz yazı dərc etmək üçün püşkatmada iştirak elədik. Eyni hal "Xalq", "Respublika" qəzetlərinə də aiddir. Bu, qanunun tələbədir. Amma "Milli Şura"dakılar qanunun tələbini ciddi şəkildə pozurlar. İstədikləri yazını, istədikləri reklamı say çoxluğu ilə, özü də əvvəldən təşviqat kampaniyasından rəsmi imtina edən bir qəzetdə yayımlayırlar. "Azadlıq" qəzetinin bu cür qanunu pozması azmış kimi, həm də ancaq bir namizədin təbliği ilə məşğul olur, digərlərinə qarşı qara piar aparır, şər-böhtan kampaniyası həyata keçirir".

S.Novruzov deyib ki, bu, Seçki Məcəlləsinə ziddir: "Bizim fikrimizcə, MSK bununla bağlı Cəmil Həsənliyə də, "Azadlıq" qəzetinə də xəbərdarlıq etməlidir. Həm də İnzibati Xətalar Məcəlləsinin tələbləri yerinə yetirilib, bu qurum cərimə olunmalıdır. Əgər proses yenə davam edərsə, MSK daha ciddi qərarlar qəbul etməlidir. Bu məsələyə çox ciddi fikir verilməlidir".

S.Novruzov deyib ki, YAP "Azadlıq" qəzeti ilə bağlı Mətbuat Şurasına müraciət ünvanlanlamağı düşünür: "Çünki təbliğatdan rəsmən imtina edən bir qəzet məqsədli formada ancaq bir namizədin təbliğatı ilə məşğul olur, digər namizədlərə qarşı şər kampaniyası aparır".

Bir sözlə, "Milli Şura"nın Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozması bir daha diqqəti qanun çərçivəsində cəzalandırmaya çəkir. Ona görə də, qanunun tələbindən irəli gələrək, "Milli Şura" Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75-ci maddəsini kobud şəkildə pozğuna görə, onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi ilə cəzalandırılmalıdırlar. Əks-təqdirdə radikal müxalifətin qanunsuz əməlləri daha da genişlənəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər