Yardımlı rayonunun Bozayran və Şəfəqli kəndlərinin sakinləri 9 oktyabrda keçiriləcək prezident seçkilərində etimad göstərəcəkləri namizədi müəyyənləşdiriblər. Alternativi olmayan YAP-ın namizədinə dəstək olmaq kənd sakinlərinin yekdil arzusudur.
Təbliğat kampaniyasına uyğun olaraq kənd sakinləri ilə keçirilən görüşlərdə seçkilərlə bağlı fikirlərini bildirən YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev seçiciləri fəal olmağa çağırıb.
Ölkədə nüfuzu və sıraları artan partiyanın xalqla birliyindən, bu həmrəyliyin aparıcı qüvvəyə çevrilməsindən bəhs edən pedaqogika üzrə elmlər doktoru, professor Mircəfər Həsənov son zamanlar regionların sosial-iqtisadi inkişafına toxunaraq Yardımlı rayonunda aparılan geniş tikinti və quruculuq işlərindən söz açıb. O bildirib ki, Şəfəqli kəndindəki 220 yerlik orta məktəbin inşası, çəkilmiş yeni asfalt yolun istifadəyə verilməsi, Cənab İlham Əliyevin Yardımlıya və Şəfəqli kənd sakinlərinə xüsüsi diqqət və qayğısının ifadəsidir.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı Şəfəqli kəndində tikinti-quruculuq işlərinin genişləndiyini qeyd edib.
Kənd ağsaqqalları çıxışlarında dövlət başçısı İlham Əliyevə dərin təşəkkürlərini bildirib, 9 oktyabr 2013 - cü ildə keçiriləcək prezident seçkilərində yekdilliklə iştirak edərək növbəti illərdə də bu siyasətin davamına səs verəcəklərini, daha qüdrətli Azərbaycan görmək istədiklərini bildiriblər.
sia.az