Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında hakim partiyanın İdarə heyətinin üzvü, rayon təşkilatının sədri Zahid Qaralovun rəhbərliyi ilə 9 oktyabr 2013-cü ildə keçiriləcək seçkilərdə YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində məşvərətçi-müşahidəçi qrupun üzvləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Prezident İlham Əliyevin 10 illik hakimiyyət dövrü və seçkilərə hazırlıq prosesi barəsində müzakirələr aparılıb.YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov deyib ki, bu barədə məşvərətçi-müşahidəçi nümayəndələr əvvəlcədən məlumatlandırılıb: "Onlara seçki qanunu və seçkilərin keçirilməsi qaydaları barədə sənədlər paylanılıb. Eləcə də onların funksiyaları ilə əlaqədar bir neçə dəfə görüş keçirilib. YAP-ın fəalları, təbliğatçılar həmin nümayəndələrlə bəzi söhbətlər aparıb. 9 oktyabrda onların görəçəyi işlər dəqiqləşdirilməli və qarşılarında tələblər qoyulmalıdır. Biz bu barədə söhbət aparacayıq. Əsas məsələ onların beynəlxalq müşahidəçilərlə nəzakətli rəftar etmələri və öz funksiyalarını normal yerinə yetirmələridir. Əgər seçki prosesinə kənardan kobud müdaxilələr, pozuculuq əlamətləri olarsa və s. dərhal həmin nümayəndələr bunu qeydə alaraq Qərargaha məlumat verməlidirlər. Hesab edirəm ki, onların böyük əksəriyyəti öz funksiyalarını normal bilirlər". Zahid Qaralov bildirib ki, seçki qanunvericiliyinə uyğun olaraq bütün işlər görülüb: "Seçkiqabağı təbliğat və təşviqat prosesinə partiyanın 1500-ə yaxın fəalı cəlb olunub. Həmin fəallar artıq seçici siyahısını da dəqiqləşdiriblər. Bu proses hazırda da davam edir.YAP Səbail rayon təşkilatının 40 seçki məntəqəsi və 2 seçki dairəsi mövcuddur. Bunlardan 23 nömrəli dairə Nəsimi rayon Təşkilatı ilə ortaq olan dairədir. Digəri isə 29 saylı seçki dairəsidir. 40 məntəqədə olan nümayəndələr, müşahidəçilər və digər şəxslər yoxlanılıb və müvafiq dəyişiklər edilib. Bununla yanaşı, hər bir kateqoriyadan olan insanlarla seminarlar təşkil etmişik".Sonra YAP Səbail rayon təşkilatının sədrinin müavinləri Muxtar Nağıyev, Əhliman Qarayev və Valeh Təhməzov çıxış edərək seçkilərlə bağlı dəyərli fikirlərini bölüşüblər.Sonda isə məşvərətçi-müşahidəçi qrupun üzvlərini maraqlandıran suallara aydınlıq gətirilib.
sia.az