"Son 10 il ərzində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Təbii ki, bu, bütün sferalarda özünü göstərib". Bunu SİA-ya Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli son 10 il ərzində xarici siyasət sahəsində qazanılan uğurlara münasibət bildirərkən deyib."10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb. Eləcə də Azərbaycanda çox böyük valyuta ehtiyyatları toplanıb. Artıq bu rəqəm 48 milyard dolları ötüb keçib. 10 il bundan qabaq ölkədə ümumi daxili məhsul (ÜDM) 1,6 milyard dollar idisə, hazırda bu rəqəm 70 milyarda yaxınlaşmaqdadır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda çox sürətli inkişaf mövcuddur. 2008-ci ildən bu yana dünya ölkələri hələ də maliyyə iqtisadi böhranı ilə üz-üzə dayanıb və işsizliyin səviyyəsi 10-20 səviyyəsi təşkil edib, amma ölkəmizdə bu rəqəm 5 faiz nisbətində müəyyənləşib. Bununla belə yoxsulluğun səviyyəsi 10 il bundan qabaq 46 faiz idisə, hazırda bu, 6 faizə enib. Bunların hər biri bir daha onu təsdiq edir ki, ölkə Prezidenti İlham Əliyevin apardığı daxili siyasət Azərbaycan iqtisadiyyatını, insanların sosial rifahını və s. gücləndirir, möhkəmləndirir. Hətta belə bir məşhur deyim də var ki, "xarici siyasət, daxili siyasətin davamı və onun tamamlanmasıdır"- deyə, politoloq sözlərinə əlavə edib.Elman Nəsirli hesab edir ki, ölkəmizdə siyasi sabitlik möhkəmləndikcə, xalq öz prezidentini dəstəklədikcə və s. Azərbaycanın xarici siyasətində də daha böyük uğurlara imza atmaq üçün əlverişli şərait yaranır: "Təsadüfi deyil ki, 2011-ci ilin oktyabrın 24-də 155 dövlət Azərbaycanın mövqeyini müdafiə etdi və ölkəmiz dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv seçildi. Eləcə də NATO-nun nəhəng Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul edildi. Bundan sonra isə Qoşulmama Hərəkatının Tehranda olan sammitində yenidən 120 dövlət ölkəmizin ərazi bütövlüyü ilə bağlı sənədlər və qətnamələr qəbul etdi. Bunlar bir daha onu göstərir ki, bu gün ölkəmizin beynəlxalq mövqeləri də kifayət qədər möhkəmlənib. Azərbaycan sözün həqiqi mənasında regionda lider dövlətə çevrilib".
sia.az