Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsində hazırlıq işləri başa çatmışdır. Bütün məntəqələr texniki avadanlıq, dəftərxana ləvazimatları və təbliğat-təşviqat materialları ilə təmin olunmuşdur.
AzərTAc xəbər verir ki, bu barədə 23 saylı Nəsimi-Səbail seçki dairəsi dairə seçki komissiyasının sədri Ağabala Quliyev məlumat vermişdir.
Dairə üzrə fəaliyyət göstərən 31 seçki məntəqəsində 35 min 15 nəfər seçicinin səs verəcəyini bildirən komissiya sədri demişdir ki, artıq məntəqələrin 10-da veb-kameralar quraşdırılmışdır. Eyni zamanda, əlillərin rahat səs vermələri üçün seçki məntəqələrinin yerləşdiyi binaların girişində panduslar yaradılmışdır.
A.Quliyev qeyd etmişdir ki, bildirişlər seçkilərə 10 gün qalmış seçicilərə paylanılacaqdır. Bundan əlavə, seçkilərdə iştirak etməyə imkanı olmayan vətəndaşlar üçün "daşınan qutular" da hazırlanmışdır.
AzərTAc