Qazax rayonunda 107 saylı seçki dairəsinin əhatə etdiyi seçki məntəqələri oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırdır.
Seçkilər seçki dairəsi üzrə 36 seçki məntəqəsində keçiriləcəkdir. Dairə üzrə seçicilərin ümumi sayı 43 min 143 nəfərdir.
107 saylı seçki dairəsi dairə seçki komissiyasının sədri Xəyyam Salehov AzərTAc-a bildirmişdir ki, seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılmışdır. Məntəqələr təmir olunmuş, lazımi avadanlıqla təchiz edilmişdir. Məntəqələrdə səsvermə kabinələri quraşdırılmış, seçkiqabağı təbliğat-təşviqat materiallarının yerləşdirilməsi üçün müvafiq yerlər ayrılmışdır.
Hər bir məntəqədə seçicilərin dəqiqləşdirilmiş siyahısı asılmışdır.
Səsvermənin gedişini izləmək üçün 10 məntəqədə veb-kamera quraşdırılmışdır.
AzərTAc