106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində oktyabrın 9-na təyin olunmuş Prezident seçkilərinə hazırlıq işləri başa çatmışdır. Dairə üzrə seçkilər Tovuz rayonunda 20, Qazaxda 12, Ağstafada isə 5 seçki məntəqəsində keçiriləcəkdir. Son məlumata görə, seçicilərin dəqiqləşdirilmiş sayı 46 min 355 nəfərdir.
Dairə seçki komissiyasının sədri Xəqani Vəliyev AzərTAc-a bildirmişdir ki, seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün məntəqələrdə hər cür şərait yaradılmışdır. Binalar və xidməti otaqlar təmir edilmiş, seçki məntəqələri zəruri texniki avadanlıqla təchiz olunmuşdur. Məntəqələrin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün müvafiq yerlər ayrılmışdır. Bütün məntəqələr etibarlı rabitə və enerji ilə təmin edilmişdir.
Səsvermənin gedişini izləmək üçün seçki dairəsinin 8 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır.
AzərTAc