Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq avqustun 18-də Astara rayonunun Şahağac kəndinə təbii qazın verilməsi bərpa edilmişdir.
AzərTAc xəbər verir ki, ilkin mərhələdə kənddə 800-dən çox evə təbii qaz verilmiş və qaz sayğacları quraşdırılmışdır.
1450 təsərrüfatı, 4 min 560 nəfər əhalisi olan Şahağac kəndi Sovet dönəmində təbii qazla təmin olunsa da, sonralar rayonun digər yaşayış məntəqələri kimi bu kənddə də qaz xətləri tamamilə dağılaraq sıradan çıxmışdır.
Kəndə "mavi yanacaq" verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər sakinləri əlamətdar hadisə münasibətilə təbrik etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, son 10 ildə rayonun qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində aparılan mühüm işlər bir sıra yaşayış məntəqələrinə təbii qazın verilməsini gerçəkləşdirmişdir. Şahağac kəndi rayonun təbii qazdan istifadə edən 33-cü yaşayış məntəqəsidir. Hazırda rayon əhalisinin 75 faizi təbii qazdan istifadə edir.
Diqqətə çatdırılmışdır ki, rayonun ən ucqar dağ kəndlərinə gedən yolun tikintisi üçün vəsaitin ayrılması, yeni dərs ilində bir gündə 6 məktəb binasının istifadəyə verilməsi ölkəmizin böyük iqtisadi qüdrətindən xəbər verir.
Kənd sakinləri əhalinin rifah halının və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
AzərTAc