"Azərbaycanda Prezident seçkiləri artıq yeni bir mərhələyə - təbliğat kampaniyasına qədəm qoyub. Sentyabrın 16-dan etibarən ölkəmizin bütün ərazilərində təbliğat başlayıb. Artıq Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən icazə verilən yerlərdə namizədlərin plakatları asılıb və görüşlər təşkil olunur". Bunu SİA-ya MSK-nın məşvərət hüququ üzvü, millət vəkili Aydın Mirzəzadə 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkiləri ərəfəsində, təbliğat kampaniyası ilə bağlı aparılan işlər haqqında danışarkən deyib.MSK-nın məşvərət hüququ üzvünün sözlərinə görə, bu görüşlərdə prezidentliyə namizəd kimi qeydə alınan 10 namizədin hər biri üçün bərabər şərait yaradılıb: "Artıq mətbuatda da gedən informasiyalardan aydın görünür ki, hər bir namizəd ona verilən hüquqdan maksimum yararlanmağa çalışır. Eyni zamanda "İctimai" televiziya və radioda artıq ilk debatlar baş tutub. Həmin debatlarda namizədlər öz platformaları haqqında cəmiyyətə məlumatlar açıqlayıblar. Bununla belə həm xarici müşahidəçilər, həm də respublika ictimaiyyəti seçki təbliğatının qanunauyğun şəkildə davam etdiyini qeyd edirlər. Azərbaycan dövləti, ruhən demokratik dövlətdir. Hesab edirəm ki, hər bir namizədin öz hüququndan düzgün istifadə edərək öz təbliğatını aparması, sonda seçicilərin üstünlük verdiyi namizədə səs verməsinə və ədalətli seçkilərin keçirilməsinə səbəb olacaq".
sia.az