Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə nazir Əbülfəs Qarayev argentinalı diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulamışdır.
Nazir son illər Argentina və Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafını diqqətə çatdırmış və siyasi, iqtisadi-ticari və digər istiqamətlərdə qurulmuş əlaqələrin mədəniyyət və turizm sahələrinə də nüfuz edəcəyinə inandığını bildirmişdir. Həmçinin müxtəlif qitələrdə yerləşən ölkələrimizin qarşılıqlı maraq doğuracaq mədəni təmaslarının artırılması və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanmışdır.
Səfir öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirmiş, Azərbaycanın mədəniyyət və turizm sahəsində əldə etdiyi uğurlardan xəbərdar olduğunu diqqətə çatdırmışdır.
Karlos Dante Riva ölkəmizdəki diplomatik fəaliyyəti dövründə mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
yap.org.az