Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə bağlı görüşlərdə iştirak edən seçicilər birmənalı olaraq Azərbaycanın mövcud iqtidarının siyasətini dəstəklədiklərini bəyan edirlər. SİA-nın məlumatına görə, Ucar rayonunun Qazyan, Boyat və Quləbənd kəndlərində keçirilən görüşlərdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışında bildirib ki, ölkəmiz mühüm ictimai-siyasi hadisəyə, yəni prezident seçkilərinə hazırlaşır.
Dövlət başçısı İlham Əliyevin son 10 ildə gördüyü işlərdən danışan Ş.Abdullayeva Ucar rayon təşkilatının təbliğat-təşviqat kampaniyasında fəallıq nümayiş etdirdiyini bildirib və seçiciləri İlhamlı gələcəyə səs verməyə çağırıb: "Biz Ulu Öndərin daxili və xarici siyasətini uğurla davam etdirən cənab İlham Əliyevə ölkəmizin və xalqımızın gələcək taleyini həvalə edəcək və yekdilliklə ona səs verəcəyik".
Milli Məclisinin deputatı Elton Məmmədov və Azərbaycan Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov çıxış edərək partiyanın namizədi İlham Əliyevin seçki platformasını seçicilərə çatdıraraq bildiriblər ki, Azərbayanın son 10 ildə əldə etdiyi uğurlu nailiyyətlər ölkə başçısının düzgün və düşünülən siyasətinin nəticəsidir: "Bu baxımdan xalq 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə, Azərbaycanın davamlı inkişafına, beynəlxalq aləmdəki nüfuzuna səs verəcək".
Seçicilər adından çıxış edən Qazyan kənd sakinləri, kənd tam orta məktəbin müəllimi Yaqut Zeynalova, Qəhrəman Əliyev, Boyat kənd tam orta məktəbinin direktoru Bəylər Mirzəyev, Quləbənd kənd tam orta məktəbin müəllimi Elnarə Şıxaliyeva bildiriblər ki, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyəcəklər.
sia.az