Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına rayon ağsaqqalları ilə görüşlə başladı
Dünən Yeni Azərbaycan Partiyasının Binəqədi rayonunda ağsaqqallarının iştirakı ilə görüş keçirildi. Görüş "9 oktyabr prezident seçkilərinin" təbliğat və təşviqat kampaniyası çərçivəsində YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğatına həsr olunmuşdur. Görüşdə Respublika Ağsaqqallar şurasının sədri, millət vəkili Fəttah Heydərov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd etdi ki, YAP-ın V qurultayında partiya tarixi qərar qəbul edib və Yeni Azərbaycan Partiyası tərəfindən prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyi irəli sürülüb: "YAP-ın namizədi vaxtında kifayət qədər imza topladı və namizədliyi uğurla qeydə alındı. Təbliğat-təşviqat kampaniyasına ağsaqqalların, ziyalıların iştirakı ilə başlayırıq və belə qərara gəldik ki, bu kampaniyaya elə ilk xeyir-duanı ağsaqqallar versinlər".
Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirdi ki, bu günün mənzərəsi, siyasi panaraması onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdur: "Çünki son on il ərzində böyük işlər görülüb. Görülən işlərin, irimiqyaslı layihələr ətrafında çox danışılıb. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin başladığı uğurlu siyasəti davam etdirir. Bu gün həyat inkişafdadır. Gənclik inkişaf edir. Gənclik bu gün bizim keçdiyimiz yolu, son on ili yaxşı bilir, hər şey göz önündədir. Azərbaycanın başına gələn müsibətlər, keçilən yol barəsində onlara daha çox məlumat verilsin, onlar proseslərdən xəbərdar olsunlar. Keçmiş sovet respubliklarının heç birində Azərbaycan qədər məcburi köçkün, öz yurd-yuvasından məhrum olan bir milyon insan yoxdur. Bu gün bütün baş verən prosesləri gənclərə çatdırmaq lazımdır".
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov ağsaqqallarla görüşün vacibliyini qeyd bildirdi. O, prezident seçkilərinin məsuliyyətli hadisə olduğunu diqqətə çəkərək ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən özbaşınalıq hallarından danışdı. E.İbrahimov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini möhkəmləndirməsində gördüyü böyük işlərə nəzər saldı. Təməli Ulu Öndər tərəfindən qoyulan müstəqil Azərbaycanın sonrakı dövrlərdə inkişafı dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır.
E.İbrahimov qeyd etdi ki, bütün bunlardan sonra biz ağsaqqalların mənəvi haqqı yoxdur ki, imkan verə ölkədə stabillik pozulsun və hakimiyyət erməniyə qulluq edən şəxslərin əlinə keçsin: "Bu gün Binəqədi ağsaqqalları gənc nəsillə işləməlidirlər. Gənclər 90-cı illərin əvvəllərini görməyiblər. Müharibə dövrü, müxtəlif çətinliklər dövrünü yaşamış ağsaqqallar bu gün gənclərə düzgün istiqamət göstərməlidirlər. Mən bilirəm ki, Binəqədi ağsaqqaları əl-ələ verib güclü Azərbaycanın inkişafı üçün işləyəcəklər. Bizim devizimiz "İlhamla İrəli"dir və bu devizlə də irəliyə doğru addımlayacağıq".
Tədbirdə çıxış edən millət vəkili Madər Musayev prezident seçkiləri ərəfəsində hər bir kəsin məsuliyyətlə hərəkət etməsinin vacibliyini bildirdi: "Bütün dünya bilir ki, Azərbaycan hara gedir. Biz hamımız 90-cı illərin əvvəllərində nələrin olduğunu görmüşük. Ulu Öndərin qurduğu dövlət günü-gündən çiçəklənir və bu siyasət öz bəhrəsini verir. Hesab edirəm ki, çoxlu ağsaqqalı olan rayonda prezident seçkiləri ilə bağlı heç bir problem olmayacaq". Ölkədə davam edən sürətli inkişaf və quruculuq işlərindən danışan M.Musayev bir daha hər kəsi məsuliyyətli olmağa və haqqa, ədalətə səs verməyə səslədi.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov ağsaqqalların Azərbaycanın inkişafı üçün çalışan şəxslər olduğunu bildirərək, onların təcrübəsinin ölkəmiz və gənclik üçün vacibliyini qeyd etdi. O, çıxışında ölkənin beynəlxalq nüfuzu, aparılan daxili və xarici siyasətinə nəzər saldı.
Sonda tədbirdə iştirak edən rayon ağsaqqalları seçkilər və ölkədə gedən inkişafla bağlı çıxışlar edərək, Cənab İlham Əliyevə səs verəcəklərini qətiyyətlə bildirdilər.
ZÜMRÜD BAYRAMOVA