PDF Oxu

Siyasət

  • 11

QHT Əməkdaşlıq Alyansı 9 oktyabr prezident seçkisi günü ekzit-pollun keçirilməsi ilə bağlı tender elan etdi

QHT Əməkdaşlıq Alyansı 9 oktyabr prezident seçkisi günü ekzit-pollun keçirilməsi ilə bağlı tender elan etdi

Ekzit-Poll (Exit-Poll) tədqiqatı seçkilərin şəffaflığı və qiymətləndirilməsi baxımından son dərəcə əhəmiyyətli sosioloji tədqiqatdır. Seçkinin və səsvermə prosesinin şəfaflığı baxımından ekzit-pollun keçirilməsinə vətəndaş cəmiyyəti sektorunun cəlb edilməsi, seçkinin ədalətli nəticələri, bu nəticələrin qəbul edilməsi üçün çox böyük əhəmiyyət daşıyır.

QHT Əməkdaşlıq Alyansı 9 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası prezidentinin seçkisi günü 125 Seçki Dairəsinin 5273 seçki məntəqəsində ekzit-pollun aparılmasını nəzərdə tutur. Buna görə də QHT Əməkdaşlıq Alyansı ekzit-poll keçirilməsi ilə bağlı təcrübəli QHT-lər üçün tender elan edir. Bu gündən, yəni sentyabr ayının 19-dan 22-i saat 18.00-a kimi ekzit-pollun aparılmasında təcrübəsi olan QHT-lər alyansın icra katibliyinə müraciət edə bilər. Elan olunan tarixdən sonra müraciətlər qəbul edilməyəcək. QHT Əməkdaşlıq Alyansı müraciət edən təcrübəli təşkilatların resurslarından yaralanaraq, böyük bir komanda formalaşdıraraq, ekzit-pollun keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, QHT Əməkdaşlıq Alyansı ötən ilin noyabr ayından 2013-cü il prezident seçkisinin monitorinqini aparır. "Siyasi partiyaların resurslarının öyrənilməsi" ilə bağlı geniş tədqiqat aparılıb və aparılan monitorinq 3 ay davam edib. Nəticələr 2013-cü ilin yanvar ayında ictimaiyyətə açıqlanıb. Hazırlanan monitorinq hesabatı həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara təqdim edilib. Hesabat ictimai rəydə rəğbətlə qarşılanıb və hazırlanan monitorinq hesabatı obyektiv sənəd kimi qəbul edilib. Daha sonra isə alyansın ekspert qrupu uzunmüddətli müşahidə əsasında "seçkiöncəsi vəziyyətin qiymətləndirilməsi" ilə bağlı geniş təhlili açıqlama hazırlayıb. Bu təhlil də ictimaiyyətə təqdim edilib və sənəd də ictimai rəydə müsbət qarşılanıb.

Hal-hazırda QHT Əməkdaşlıq Alyansının Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "2013-cü il prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili" layihəsi davam edir. Layihənin icra planına uyğun olaraq, monitorinqin I mərhələsi yekunlaşıb və bununla bağlı Alyansın hesabatı ictimaiyyətə təqdim edilib. Monitorinqin 2-ci mərhələsi hazırda davam edir. Bu mərhələdə Bakı və Abşeron bölgəsi, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla daha 5 regionu əhatə ediləcək.

Bir daha xatırladırıq ki, təcrübəli QHT-lərin 9 oktyabr prezident seçkisi günü ekzit-pollun təşkili və aparılmasında iştirakı olduqca əhəmiyyətlidir. Bununla vətəndaş cəmiyyəti sektoru seçkinin şəffaflığı və demokratikliyində birbaşa iştirak etməklə, ictimai nəzarətin həyata keçirilməsinə öz töhfəsini vermiş olacaq. Ona görə də təcrübəli QHT-lərdən bu prosesə qoşulmaq istəyənləri tenderdə iştiraka dəvət edirik.

QHT Əməkdaşlıq Alyansı Mətbuat Xidməti

Digər xəbərlər