Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə Bakının Yasamal rayonunda da ciddi hazırlıq işləri gedir.
15 saylı Yasamal I seçki dairəsi dairə seçki komissiyasının sədri Sərdar Süleymanov AzərTAc-a bildirmişdir ki, seçkilərə hazırlıq yüksək səviyyədədir. Dairənin 31 daimi məntəqəsi yaradılmış və lazımi avadanlıqla təmin edilmişdir. Eyni zamanda, Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında seçicilərin səs verə bilməsi üçün 10, həmçinin xəstəxanalarda, cəza evlərində 6 müvəqqəti seçki məntəqəsi də yaradılmışdır. Ümumilikdə dairə üzrə 47 min 402 seçicisi vardır.
Dairənin 10 məntəqəsində veb-kamera, 1 məntəqədə isə fiziki imkanı məhdud seçicilər üçün pandus quraşdırılmışdır.
S.Süleymanov demişdir ki, seçici siyahıları, bildirişlər hazırdır. Bildirişlərin qanunda nəzərdə tutulmuş vaxt ərzində seçicilərə çatdırılması təmin olunacaqdır. Bütün məntəqələr təbliğat-təşviqat aparılması və seçicilərin siyahısının asılması üçün lövhələr ilə təmin olunmuşdur.
Bundan əlavə, sentyabrın 23-dən 25-dək məntəqə seçki komissiyalarının üzvləri ilə treninqlər keçiriləcəkdir. Komissiya üzvlərinə seçki günü prosedurları və müstəsna hallar, səsvermə qaydalarına dair praktiki tapşırıqlar, səslərin sayılmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin sayılması və yekun protokolun doldurulması kimi vəzifələr izah ediləcəkdir.
AzərTAc