Sentyabrın 20-də Vilnüsdə Avronestin Enerji Təhlükəsizliyi Komitəsinin "Enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələri sahəsində Şərq tərəfdaşlığının perspektivləri" mövzusunda ikinci seminarı keçirilmişdir. Seminarda Litva Seymi sədrinin müavini İrena Dequtyane, Seymin Energetika Komissiyasının sədri Kestutis Daukşis, Litvanın energetika nazirinin müavini Aleksandras Ransdorf, Almaniya Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunun, Berlin Azad Universitetinin Ekoloji Siyasət üzrə Elmi-Tədqiqat Mərkəzinin nümayəndələri, ekspertlər iştirak etmişlər. Azərbaycanı tədbirdə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov və deputat Rasim Musabəyov təmsil etmişlər.
Seminarda Avropada alternativ və bərpa olunan enerji mənbələri sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilmiş, "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın potensialı, Avropa ölkələrinin və tərəfdaşların enerji təhlükəsizliyi məsələlərində birgə səyləri barədə məruzələr dinlənilmişdir.
Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, Milli Məclisin deputatı F.Muradov çıxışında istər Avropada, istərsə də bütövlükdə dünyada enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mühüm rolundan danışmışdır.
Milli Məclisin deputatı nəzərə çatdırmışdır ki, Azərbaycan 1994-cü ildən bir sıra enerji və nəqliyyat layihələri həyata keçirir. Bu layihələr regional əməkdaşlığa və inteqrasiyaya töhfə vermiş, regionu Avropa ilə daha da yaxınlaşdırmışdır.
Ölkəmizin uğurlu enerji siyasətinin Azərbaycanın hüdudlarını çoxdan aşdığını bildirən F.Muradov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) istər ölkədə, istərsə də Türkiyə, Gürcüstan, Ukrayna və digər dövlətlərdə müvəffəqiyyətlə həyata keçirdiyi iri investisiya layihələrindən söz açmışdır. 2006-cı ildə Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun imzaladıqları "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa dair qarşılıqlı anlaşma Memorandumu" Azərbaycan ilə Aİ arasında energetika sahəsində əməkdaşlığın strateji xarakterini formalaşdırmış, habelə bu tərəfdaşlığın gələcək inkişafı üçün əsas sahələri müəyyən etmişdir. Bu baxımdan, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək TANAP layihəsinin əhəmiyyəti vurğulanmışdır.
Şaxələndirmə siyasətinə üstünlük vermiş Azərbaycanın qətiyyətli addımlarının regionun və bütövlükdə dünyanın enerji təhlükəsizliyini təmin etdiyini nəzərə çatdıran F.Muradov vurğulamışdır ki, bununla Azərbaycan şaxələnmiş enerji marşrutları sisteminin əsasını qoymuşdur.
Deputat çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bildirmişdir ki, bu münaqişənin həll olunmaması regionun dinamik inkişafına, beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır.
AzərTAc