PDF Oxu

Siyasət

  • 12

Gənclərin seçimi Cənab İlham Əliyevdir

Gənclərin seçimi Cənab İlham Əliyevdir

Ölkəmizdə keçiriləcək prezident seçkilərində cəmiyyətin bütün təbəqələri kimi, gənclərimiz də Cənab İlham Əliyevi qəlbən dəstəkləyir və 9 oktyabrda Ona səs verəcəklərini bəyan edirlər. Bunu söhbət etdiyimiz gənclər də öz fikirləri ilə bir daha təsdiqlədilər.

Sahil Qələndərov, tələbə gənc:

-Biz gənclər Cənab İlham Əliyevin ətrafında sıx birləşmişik. Çünki 2003-2013-cü illər ərzində ölkə başçısı gənclərlə bağlı bir sıra Sərəncamlar imzalayıb. Onlardan biri də, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, gənclərin faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamıdır. Sözügedən Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilib. Bundan başqa "Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə" Dövlət Proqramı da təsdiq edilib ki, bu da Cənab İlham Əliyevin Azərbaycan dövlətinin gənclərinə, gələcək inkişafına diqqətinin bariz nümunəsi kimi qiymətləndirilir. Ölkədə Gənclər Fondunun yaradılması biz gənclər üçün çox əhəmiyyətlidir. Tələbələr müxtəlif yönümlü layihələrini fonda təqdim etməklə bir sıra uğurlara imza atmış olurlar. Bütün görülən işlər gənclərin seçiminin Cənab İlham Əliyev olduğunu təsdiqləyir.

Aynur Mustafayeva, tələbə gənc:

-Azərbaycan dövləti tərəfindən həyata keçirilən daxili və xarici siyasət xalqımızın rifahının yüksəldilməsinə, cəmiyyətin inkişafına və təhlükəsizliyinin təmin olunmasına istiqamətlənib.

Cəmiyyətin fəal üzvləri olan gənclər də bu siyasətdən faydalanırlar. Bu siyasət gənclərin daha keyfiyyətli və müasir təhsil almasına, fiziki sağlamlığının və sosial müdafiəsinin güclənməsinə yönəlib. Hazırda Azərbaycanda təhsil sektoru öz inkişaf mərhələsini yaşayır desək, yanılmarıq. Bu gün Azərbaycan gənci təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda ən müasir təhsil müəssisələrində təhsil almaq imkanı əldə edir. Belə gənclərin əksəriyyəti məhz dövlətin maliyyə imkanları hesabına təhsil alır, yüksək ixtisaslara yiyələnirlər. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi bir daha sübut edir ki, dövlət gənclərə qayğısını heç bir zaman əsirgəmir.

Rüfanə Səmədova, tələbə gənc:

-Təbii ki, biz gənclər bu il keçiriləcək prezident seçkilərində iştirak etməyi özümüzə vətəndaş borcu bilirik. Azərbaycan gənclərinin tam əksəriyyəti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnundur. Bunun səbəbi isə həyata keçirilən siyasətin Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamlı olması, Azərbaycanın regionda və dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarması, Azərbaycan gəncliyinin və gələcəyinin inkişafını təmin etməsidir. Ona görə də Azərbaycan gənclərinin tam əksəriyyəti bu siyasəti dəstəkləyir. Azərbaycan gəncliyi müstəqillik tariximizin bütün dövrlərində müxtəlif sınaqlardan alnıaçıq çıxmağı bacarıb və doğru qərar qəbul edib. Azərbaycan gəncliyi Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona səs verməklə öz gələcəyinə səs verəcək.

Aysel Sadıqova, tələbə gənc:

-Ölkə əhalisinin 30 faizini təşkil edən və cəmiyyətin fəal üzvləri olan gənclər bu gün əldə olunan nailiyyətlərdən faydalanmaqdadırlar. Bu gün aparılan dövlət siyasəti gənclərin daha keyfiyyətli və müasir təhsil almasına, fiziki sağlam olmasına, sosial cəhətdən təmin olunmasına yönəlib. Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, gənclərin potensialnın ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində Cənab İlham Əliyev tərəfindən uğurla aparılır. Bu baxımdan, bu il keçiriləcək prezident seçkilərində bizim seçimimiz Cənab İlham Əliyev olaraq qalacaq.

İNTİZARƏ,

GÜLYANƏ

Digər xəbərlər