Dünən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Seçki Qərargahı təbliğat və təşviqat kampaniyası çərçivəsində Nəsimi rayon ağsaqqalları və ağbirçəkləri ilə görüş keçirib.
Görüşü giriş sözü ilə açan, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycan xalqının böyük sınaq ərəfəsində olduğunu bildirərək 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərinə təbliğat-təşviqat kampaniyasının uğurla davam etdiyini diqqətə çatdırdı. O, qeyd etdi ki, siyasi aləmdə, beynəlxalq miqyasda tanınan, möhtəşəm layihələri uğurla həyata keçirən Prezident Cənab İlham Əliyev 10 illik fəaliyyəti dövründəki uğurlara imza atıb. Onun onillik fəaliyyəti neçə-neçə onillikləri əhatə edir. Hər addımı Azərbaycanın işıqlı gələcəyinə doğrudur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə təmsil edən Azərbaycan Prezidenti İlham Əliyev intellektual səviyyəli, sadiq və layiqli varisi olduğunu siyasi fəaliyyətində, əməlində təsdiqləyib: "Dövlət başçısı İlham Əliyev prezident seçkilərində alternativsiz lider olduğunu bir neçə dəfə sübut etmişdir. Prezident İlham Əliyevin alternativi yoxdur. Bu gün Azərbaycan yalnız bölgənin deyil, həm də dünyanın aparıcı ölkəsinə çevrilib. Ulu Öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı artıq Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş Liderdir".
Rayon təşkilatının sədri qeyd etdi ki, Cənab İlham Əliyev xalqımıza və dövlətimizə ləyaqətlə xidmət etməyi qarşısına məqsəd qoymuş və bu missiyanı 10 illik prezidentlik fəaliyyətində ləyaqətlə həyata keçirmişdir. Hər kəsin seçki prosesində iştirakının vacibliyini vurğulayan M.İbrahimqızı demokratik ənənələrə, dövlətin bizə verdiyi azad seçim hüququna söykənərək seçiciləri haqqa və ədalətə səs verməyə çağırdı: "Cənab İlham Əliyev inanıram ki, yüksək səs çoxluğu ilə seçkilərdə uğur qazanacaq. 9 oktyabr tarixində dövlətin bizə verdiyi seçmək və səs vermək hüququndan lazımınca bəhrələnib, Azərbaycanın gələcək inkişafı naminə prinsipial mövqeyimizi ortaya qoymalıyıq."
O, Azərbaycanın gələcək inkişaf və təhlükəsizliyini təmin etmək məqsədi ilə vətənini, torpağını sevən hər kəsin layiqli namizədə - Cənab İlham Əliyevə səs verəcəyini böyük əminliklə ifadə edərək seçicilərə fəal olmağı bildirdi, tövsiyələrini verdi və bu işdə onlara uğurlar arzuladı.
Görüşdə çıxış edən Nəsimi rayon ağsaqqallar şurasının sədri, professor İmran Cəfərzadə Azərbaycanın qısa bir zaman məsafəsində qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan danışaraq, həyata keçirilən layihələr nəticəsində Azərbaycanın bu gün beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik demokratik ölkə kimi tanınmasında iqtisadi və siyasi sahələrdəki uğurların nəticəsi olduğunu seçicilərin diqqətinə çatdırdı.
O, seçiciləri əmin-amanlığa, sabitliyə səs verməyə çağıraraq, hər seçiciyə düzgün seçim edərək ailəsi ilə birlikdə məntəqələrə gəlib, demokratiyanın bizlərə verdiyi azad və şəffaf seçimdən layiqincə yararlanmağı tövsiyyə etdi.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması, dünyada təbliği ilə bağlı möhtəşəm layihələrin reallaşdığını vurğulayaraq Azərbaycanın yeni inkişaf dövrünü yaşadığını bildirdi: "Ölkəmizdə həm Qərbi, həm də Şərqi özündə birləşdirən müxtəlif tədbirlər keçirilir. Son illərdə ictimai-siyasi, sosial-mədəni həyatın müxtəlif sahələrində beynəlxalq miqyaslı layihələrə uğurla imza atan Azərbaycan uğurlar qazanır. Beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə də növbəti nailiyyətlərini qazanır. Azərbaycan Avropaya, dünyaya təşkilatçılıq bacarığını və yüksək qonaqpərvərlik ənənəsini göstərə bilir. Şəhərimizin görkəmi dəyişir, müasirləşir, abadlıq işləri aparılır, tarixi abidələr bərpa olunur, memarlıq üslubinda yeni binalar inşa etdirilir. Həqiqətən də Azərbaycan dövləti gücünü ortaya qoya bilir. Bu, ölkədə gedən iqtisadi, siyasi islahatlar, aparılan böyük quruculuq işləri nəticəsində gerçəkləşir. Təbii ki, bu nailiyyət ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində reallaşır".
O, çıxışında prezident seçkilərində bu reallıqları nəzərə alaraq seçicilərin düzgün seçim edərək layiqli namizədə səs verəcəklərinə inandığını bildirdi. Görüşdə çıxış edən seçicilər bu reallıqları nəzərə alaraq Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildirdilər.
Nəzakət ƏLƏDDİNQIZI