Artıq 5-ci gündür ki, Azərbaycanda 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqatına start verilib. Bu çərçivədə Yeni Azərbaycan Partiyası məşvərətçi səs hüququna malik nümayəndələri yerlərdə ictimaiyyətlə görüşür, partiyanın namizədi Cənab İlham Əliyevin gördüyü nəhəng işlər barədə geniş məlumatlar verirlər. Bütün görüşlərdə bir daha sübut olunur ki, Azərbaycanda xalq-dövlət vəhdəti mövcuddur və bu mövcudluq Cənab İlham Əliyev faktorunun bariz nümunəsidir.
XAÇMAZ
Xaçmazlılar güclü dövlətin güclü lideri olan Cənab İlham Əliyevə səs verəcəklər
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin Xaçmaz rayonu üzrə Seçki Qərargahı Susayqışlaq seçiciləri ilə görüş keçirib. Görüşü giriş sözü ilə qərargahın sədri Nazim Ağayev açaraq, Ulu Öndərin bizə miras qoyduğu müstəqil Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlərdən, inkişaf etmiş ölkələr sıralarına daxil olması üçün həyata keçirdiyi böyük əhəmiyyət kəsb edən layihələrin uğurla həyata keçirməsindən, gündən-günə beynəlxalq nüfuzun artmasından, ölkədə hökm sürən stabillikdən, ölkədə və regionlarda aparılan abadlıq- quruculuq işlərindən, insanların sosial rifahını yaxşılaşmasından və digər məsələlərdən danışıb.
Görüşdə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə çıxış edərək prezident seçkilərinin keçirilməsinin vacibliyindən danışaraq bildirib ki, dövlətin, onun insanlarının taleyi seçilən rəhbərdən asılıdır: "Əgər dövlət rəhbəri xalqının lideri deyilsə, rəhbərliyə təsadüfi adam seçilibsə, o ölkənin nə iqtisadiyyatından, təhsilindən, mədəniyyətindən, insanların yaşayış tərzindən, nə də digər sahələrdən danışmağa dəyməz. Məqsədimiz Ulu Öndər tərəfindən bizə miras qalan müstəqil Azərbaycan dövlətinin və Azərbaycan xalqının inkişafını davam etdirmək, insanların yaşam tərzini daha da yaxşılaşdırmaq, ölkənin qüdrətini artırmaq, güclü iqtisadiyyata nail olmaq, Avropanın inkişaf etmiş ölkələri sırasına çatdırmaqdan ibarətdir. Bütün bunlara nail olmaq üçün güclü Liderimizi növbəti 5 ildə yenidən prezident seçməliyik və buradan belə qənaətə gəldim ki, biz sizinlə birgə 9 oktyabr 2013-cü il tarixində İlham Heydər oğlu Əliyevi prezident seçəcəyik. Son 20 ildə əldə etdiyimiz nailiyyətlərdən biri də ölkəmizin borc alanlar siyahısından çıxaraq, borc verənlər siyahısına düşməyimizdir. Bu gün Azərbaycan dünyanın böyük iqtisadi layihələrinə imza atır. Məhz onun nəticəsidir ki, ölkəmiz regionda lider dövlətdir. İnanıram ki, xaçmazlılar həmişə olduğu kimi, bu seçkidə də öz seçimlərini edərək, yekdilliklə İlham Heydər oğlu Əliyevə səs verəcəklər".
Görüşdə çıxış edən Heybət Əzimov, Mübariz Baratov, Fikrət Niftəliyev, Susaylı gəncləri adından Gülçəmən Həbibova, Amil Rəhimov çıxış edərək, Cənab İlham Əliyevə inandıqlarını, Onu həmişə dəstəklədiklərini vurğulayaraq qarşıdan gələn seçkilərdə Azərbaycan xalqının Lideri Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər. Çıxış edənlər ölkədə baş verən uğurlu dəyişikliklərdən, Cənab İlham Əliyevin vətəninə, xalqına bağlılığından danışaraq, son 10 ildə əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, bu inkişafı növbəti 5 ildə davam etdirmək üçün bütün Azərbaycan xalqının Cənab İlham Əliyevə səs verəcəklərinə tam əmin olduqlarını bildirdilər.
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin Xaçmaz rayonu üzrə Seçki Qərargahı növbəti görüşünü Xudat kəndinin seçiciləri ilə keçirdi. Görüşdə Valeh Həzimov, Seyfəddin Hacıyev, Əfsanə Mehrəliyeva, Mürsəl Mirzeyev çıxış edərək, Azərbaycanın davamlı inkişafı naminə İlham Əliyevə səs verəcəklərini bildirdilər.
UCAR
İlham Əliyevlə daha uğurlu sabahlara
19 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının prezidentliyinə seçkilərlə əlaqədar YAP Ucar rayon təşkilatı rayonun Bərgüşad və Yuxarı Şilyan kəndlərində keçirdiyi görüşlərdə Milli Məclisin deputatı Elton Məmmədov və Azərbaycan Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov çıxış edərək, partiyanın namizədi Cənab İlham Əliyevin seçki platformasını seçicilərə çatdırmış, seçkilərdə seçiciləri qələbə çalmağa səsləmişlər.
Seçicilər adından Bərgüşad kənd 1 saylı tam orta məktəbin direktoru Pərviz Xəlilov və Yuxarı Şilyan kənd sakini Nazir Məmmədov çıxış edərək birmənalı olaraq Cənab İlham Əliyevi dəstəklədiklərini bildirmişlər.
QAX
Qaxlılar öz səslərini Prezident İlham Əliyevə verəcəklər
Qax rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun İlisu, Ağçay kəndinin sakinləri və rayon mərkəzi xəstəxanasının kollektivi ilə görüşlər keçirilib. Seçicilərlə görüşdə iştirak edən təbliğat qrupunun üzvləri- Milli Məclisin deputatı Azər Kərimli, tibb elmləri namizədi Afər Allahverdiyev, YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov seçicilər qarşısında çıxış edərək vurğulayıblar ki, bu gün Azərbaycanın son on ildə qazandığı və fəxr etdiyi bütün nailiyyətlər Cənab İlham Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini uğurla, yeni məzmun və formada davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir ki, Azərbaycan bu gün müstəqil, sürətlə inkişaf edən dünyəvi dövlət olaraq regionda öz liderliyini qoruyub saxlaya bilir. Prezident İlham Əliyevin fədakarlığının nəticəsidir ki, Azərbaycan xalqı bu gün firavan həyat sürür. Bu dövrün reallıqları həm də onu təsdiqləyir ki, bu gün Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, həmçinin ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Müdrik Azərbaycan xalqı daim öz prezidenti ilə birlikdədir və əlbəttə ki, növbəti beş ildə də onunla birlikdə olacaqdır.
Görüşlərdə seçicilər böyük bir coşqu ilə qeyd etdilər ki, bizim Qax rayonu da digər bölgələr kimi günü-gündən abadlaşır, gözəlləşir, yeni inzibati binalar tikilir, parklar salınır. Bu inkişafın, bu tərəqqinin şahidi olan hər bir qaxlı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və müdafiə edir. Xalqın öz Prezidentinə olan sevgisi və dəstəyi heç də təsadüf deyil. Çünki vətəndaşlar dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə görülən bütün işlərin nəticələrini öz gündəlik həyatında hiss edirlər. Bu mənada tam məsuliyyətlə demək olar ki, seçkilərin qalibi məlumdur və bu qalib seçkilərdə hamımız tərəfindən dəstəklənəcək Cənab İlham Əliyevdir.
BİLƏSUVAR
İlhamlı sabahımıza İlhamla irəli!
Azərbaycanda 9 oktyabr tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər yüsək əhval-ruhiyyə ilə davam etməkdədir. YAP Biləsuvar rayon təşkilatında Bəydilli kənd seçiciləri ilə keçirilən görüşdə ölkəmizin ictimai-siyasi həyatında həlledici rolu ilə seçilən YAP ümumxalq partiyasıdır və milyonlar bu təşkilatın namizədinə etimadlarını ürək sözləri ilə bildiriblər.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini qeyd edərək bildirdi ki, prezidentliyə namizəd Cənab İlham Əliyevin Seçki Qərargahının Biləsuvar rayon şöbəsi ilk gündən fəaliyyətini müasir texnologiyalar əsasında quraraq daha çox insanlarla təmas metoduna üstünlük verir: "Çalışırıq ki, əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilər də uğurla, mütəşəkkilliklə başa çatsın. Çünki dünya dövlətləri arasında öncül sıralarda qərarlaşan Azərbaycanın nüfuzuna, gücünə layiq olsun. Elə keçirdiyimiz görüşlərdə iştirak edən seçicilərin sayının çox olması bir daha onu sübut edir ki, xalq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. İnanıram ki, biləsuvarlılar 9 oktyabrda keçiriləcək prezident seçkilərində fəalllıq nümayiş etdirəcək və seçkilərin alternativsiz lideri Cənab İlham Əliyev bu seçkilərdə də qalib gələcək, ölkəni növbəti beşillikdə də yeni-yeni uğurlarla zirvələrə qaldıracaq".
Seçicilərlə görüşdə siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov 10 il ərzində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasından, Azərbaycan gəncliyinin inkişafına dövlət başçısının göstərdiyi qayğıdan və bu siyasətin necə ardıcıl həyata keçirilməsindən danışdılar. Çıxışlarda vurğulandı ki, həmişə düzgün seçim edən biləsuvarlılar bu seçkidə də mütəşəkkil iştirak edəcək və ölkə Prezidenti Cənab İlham Əliyevə səs verəcəklər.
Görüşdə Bəydili kənd sakinləri kənd tam orta məktəbinin direktoru Əfsər Həşimov, təqaüdçü Turə Camalova, gənclər adından Ziya Bağırov çıxış edərək onların yeganə namizədi olan Cənab İlham Əliyevə səs verəcəklərini və bununla da xoşbəxt gələcəklərinə səs verdiklərini bildirdilər.
AĞSU
Ağsulular seçimlərini dəyişməyiblər
Ağsu rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bununla bağlı rayonun Bozavand, Ağarx, Qarabağlı, Rəhimli, Şahbəyli, Qaradağ kəndlərində seçicilərlə görüşlər keçirilib. Tədbirdə YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin son 10 il ərzində gördüyü işlər haqqında danışaraq bildirib ki, bu uğurlar son nəticədə əhalinin sosial rifahının yüksəlməsinə yol açıb.
Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış edərək vurğulayıb ki, əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu yeni sosial siyasət konsepsiyası 2003-cü ildən başlayaraq, Ulu Öndərimizin siyasi varisi Prezident İlham Əliyev tərəfindən şaxələndirilmiş şəkildə davam etdirildi: "Məhz buna görə də xalq Cənab İlham Əliyevin yenidən prezident seçilməsini bir tələb, sosial sifariş kimi irəli sürdü. İndi tam əminliklə demək olar ki, Cənab İlham Əliyevin alternativi yoxdur, Onun qələbəsi şəksizdir. Əziz seçicilər, Cənab İlham Əliyevə səs verin ki, bundan sonrakı firavanlığınız da davamlı olsun".
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri Seyfəddin Abdullayev, Əmrulla Kərimov, Camaləddin Zeynalov, Yaşar Qarayev, Elnur Fərzəlizadə çıxış etmişlər. Xüsusi vurğuladı ki, Cənab İlham Əliyev bu ölkənin və xalqın ən böyük güvənc yeridir, ona görə də xalq bu seçkilərdə də taleyini müdrik və vətənsevər bir siyasi Liderə etibar edəcəkdir.
Kənd sakinlərindən Balaşah Mövlamov, Səxavət Səfəralıyev, Nəriman Ağayev, təqaüdçü Niftalı Səmədov, Ənvər Hüseynov, sakin Ənvər Əliyev çıxış edərək bildiriblər ki, ağsulular öz seçimlərini dəyişməyiblər və 9 oktyabrda məhz Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
İSMAYILLI
Prezident İlham Əliyev sabitliyin və tərəqqinin qarantıdır
YAP İsmayıllı rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təşviqat-təbliğat kampaniyası çərçivəsində Qalınçaq, İvanovka, Qalacıq, İstisu, Sumağallı, Basqal, Bizlan, Tircan kəndlərində keçirilən tədbirlərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Misir Mərdanov, Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizəd Cənab İlham Əliyevin vəkili, millət vəkili Novruzəli Aslanov iştirak etmişdir. Tədbirlərdə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova çıxış edərək ölkə Prezidenti İlham Əliyevin ötən 10 ildə Ümummilli Liderin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirərək, yeni siyasi situasiyanın tələblərinə uyğun zənginləşdirdiyini, hər bir vətəndaşın mənafeyinə xidmət edən iqtisadi siyasət həyata keçirdiyini bildirmişdir. Qeyd etmişdir ki, bu müddətdə Ulu Öndər Heydər Əliyev siyasi kursuna inam daha da möhkəmlənmiş, yürüdülən strategiyanın alternativsizliyi birmənalı etiraf olunmuşdur: "Prezident İlham Əliyevin "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası odur ki, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" - deməklə Azərbaycanın inkişafının bu siyasətlə bağlılığını bir daha ifadə etmişdir. Ötən 10 il ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir".
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Misir Mərdanov, millət vəkili Novruzəli Aslanov çıxış edərək qeyd etdilər ki, Prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi bütün vədləri inamla həyata keçirmiş, ölkədə 1 milyondan çox iş yeri açılmış, çadır düşərgələri ləğv olunmuş, sosial problemlərin böyük qismi həllini tapmış, işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm uğurlar əldə olunmuşdur. Son 10 ilin ən mühüm göstəricilərindən biri də Azərbaycanın dünyada ən az borcu olan ölkələr sırasında qərarlaşmasıdır. Dünya ölkələrində baş verən iqtisadi böhranlar ölkəmizdən yan keçmiş, Cənab Prezidentin siyasi səriştəsi nəticəsində respublikamızda daxili sabitlik və demokratik inkişaf baş verir. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır. Çıxışlarda o da vurğulanıb ki, 2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasına, bu sahədə artıq əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi və artırılmasına xidmət etmişdir. Buna görə də, çiçəklənən Azərbaycanımızın gələcək inkişafı naminə, firavan gələcəyimiz naminə 9 oktyabrda hamılıqla Cənab İlham Heydər oğlu Əliyevə səs verək.
Daha sonra çıxış edən Qalınçaq kənd sakinləri Kamal Əzizov, Raiz Nuriyev, Xalid Seyidov, İvanovka sakinləri Qriqori Minnikov, Nadejda Jabina, Marina Prokofyevna, Nikolay Dubrovin, Basqal qəsəbə sakinləri Miryavər Hüseynov, gənclər adından Nuranə Feyzullayeva, qadınlar adından Yeganə Ağayeva, Sahib Rəcəbov, Xankənd kənd sakini Rüstəm Məmmədov, Bizlan kənd sakinləri Gözəlov Akif, Həziyev Əmir, Məmmədova İlhamə, Həsənov Əfqan, Telman Məmmədov, Tircan kənd sakinləri Yusif Yusifov, Şərafət Hacıyeva, Yanvar Bədəlov, Şanil Adgözəlov, Ələm Balaşov, Əbil Əbilov və başqaları qeyd etdilər ki, Prezident İlham Əliyevin son 10 ildə apardığı alternativsiz daxili və xarici siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir. Yoxsulluğun və işsizliyin səviyyəsi xeyli dərəcədə aşağı düşmüşdür. Ölkəmiz aparıcı beynəlxalq təşkilatların aparıcı səs hüquqlu üzvünə çevrilmişdir. Bütün bunlara görə biz kənd sakinləri qarşıdan gələn seçkilərdə Cənab Prezident İlham Əliyevə olan etibarımızı öz səslərimizlə bir daha sübut edəcəyik.
KÜRDƏMİR
Kürdəmirdə Prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir
Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri ilə seçicilərin növbəti görüşü keçirilmişdir. Kürdəmir rayonunun Şilyan, Qarasu, Qarabucaq kəndlərinin, həmçinin Qarabucaq qəsəbəsinin seçiciləri ilə görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək seçiciləri 10 il ərzində YAP-ın namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tətbiqi ilə həyata keçirilən islahatlardan, infrasturuktur layihələrinin əhəmiyyətindən danışaraq, prezident seçkilərində alternativsiz namizəd olan Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Milli Məclisin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, Zenfira Zərbalıyeva, seçicilərdən Murad Əbdirəhimov, Vəzir Usubov, Allahyar Əhmədov, Xeyrulla Qocayev, Namət Əbdürəhmanov, Şiraslan Cəfərov, Leyla Həsənova və digərləri rayonda, kənddə həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışmışlar. Çıxış edənlər vurğulamışlar ki, Cənab İlham Əliyevin düşünülmüş siyasətini dəstəkləyən kürdəmirlilər öz tarixi seçimlərini 9 oktyabr günü məntəqələrə gələrək təsdiqləyəcək və Cənab İlham Əliyevə etimad göstərəcəklər.
SABUNÇU
Sabunçu qadınları birmənalı olaraq Cənab İlham Əliyevi dəstəkləyəcəklər
YAP Sabunçu rayon təşkilatında Cənab İlham Heydər oğlu Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş rayonun fəal qadınları ilə oldu. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Prezident İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövlətinin daha da inkişaf edərək, regionun ən qüdrətli ölkəsinə çevrildiyini söylədi: "Bu gün bütün sahələrdə inkişaf var, o cümlədən Ulu Öndər Heydər Əliyev və ümumən dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib: "Tarixi həqiqətdir ki, bütün dövrlərdə və dünyanın hər yerində qadına münasibət məsələsi həmişə gündəmdə olmuşdur. Azərbaycanda qadına münasibət həmişə yüksək olmuşdur. Qadın anadır, həyat yoldaşıdır və həm də bəşəriyyətin yarıdan çoxunu təşkil edən varlıqdır. Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar. İnanıram ki, qadınlarımız 9 oktyabrda keçiriləcək növbəti prezident seçkilərində də fəallıq nümayiş etdirəcək və Cənab İlham Əliyevə səs verəcəklər".
Görüşdə Həqiqət Zeynalova, Rəfiqə Hacıyeva və başqaları çıxış edərək bildirdilər ki, Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı olan Cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi Lideridir: "Biz qadınlar fəxr edirik ki, ölkəmizə Cənab İlham Əliyev rəhbərlik edir. Prezident seçkilərində fəal iştirak etməklə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verməklə övladlarımızın işıqlı sabahlarına, nurlu və sağlam gələcəklərinə, ölkəmizin daha da qüdrətlənməsinə səs verəcəyik".
OĞUZ
Oğuzlular İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətdən razıdırlar
Azərbaycan Respublikası prezidentliyinə namizəd Cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Oğuz rayonunda uğurla davam edir. Oğuz rayonunun Bayan kəndində keçirilən görüşü YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq təbliğat-təşviqat kampaniyasının qrafikə uyğun olaraq keçirildiyini seçicilərin diqqətinə çatdırdı. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticələrindən ətraflı danışıb. O, qeyd edib ki, on ildə Azərbaycan Respublikası Cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib və bu gün də bu inkişaf davam edir: "Azərbaycan Respublikası həmin illər ərzində əsaslı şəkildə dəyişir və inkişaf edir. Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir". Millət vəkili onu da bildirdi ki, Oğuz seçiciləri oktyabrın 9-da yüksək fəallıqla məntəqələrə gələcək, müstəqilliyimizin əbədiliyinə, inkişafına, yüksəlişinə - Cənab İlham Əliyevə səs verəcəklər. Bununla da Cənab İlham Əliyev Azərbaycanı inamlı və işıqlı sabaha aparacaqdır".
Görüşdə çıxış edənlər bildirdilər ki, ölkəmizdə aparılan uğurlu inkişafın davamlı olmasını istəyən hər bir seçici prezident seçkilərində iştirak edərək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcək.
BALAKƏN
Balakən seçiciləri Ümummilli Liderin yolunu davam etdirən Cənab İlham Əliyevi dəstəkləyirlər
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Balakən rayonu üzrə Seçki Qərargahının üzvləri rayonun Bayan kəndində, Kortala və Katex yaşayış məntəqələrində seçicilərlə görüş keçiriblər. Görüşdə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev seçicilərə partiyamızın namizədi Cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, rayonda görülən quruculuq işlərindən danışıb. Bildirib ki, Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın, o cümlədən balakənlilərin həyatında hiss edildiyini bildirən rayon təşkilatının sədri oktyabrın 9-da xalqımızın YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəyini bildirib.
Görüşdə Bayan kənd peşə məktəbinin direktoru Yaqub Əliyev, həmin məktəbdə müəllimə işləyən Sevda Yusifova, peşə məktəbinin işçisi Xəzər Mustafayev çıxış edərək, Azərbaycanın on ildə qazanmış nailiyyətlərini yüksək qiymətləndirdilər, qarşıda duran vəzifələrdən ətraflı danışdılar. Onlar oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə səs verərək Azərbaycanın gələcəyinə səs verəcəklərinə əmin olduqlarını bildirdilər.
Milli Məclisin üzvü Rəbiyyət Aslanova seçicilərə Cənab İlham Əliyevin daxili və xarici siyasətinin ayrı-ayrı detallarını əyani misallarla izah etmiş, seçiciləri maraqlandıran sualları cavablandırmışdır. Çıxış edən seçicilər Cavanşir Alqayev, Mətanət Şoranova, Zakir Balammedov, Şərif Alqayev, Əsədulla Mərdanov bir daha vurğulamışlar ki, 9 oktyabrda hamılıqla seçki məntəqələrinə gələrək ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.
RƏFİQƏ KAMALQIZI,
RÖVŞƏN NURƏDDİNOĞLU