Azərbaycanda neftçilərin orta aylıq pensiyası 370 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26 min nəfərdən artıqdır.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) AzərTAc-a bildirmişlər ki, ölkəmizdə neftçi əməyi yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur və bunun əyani göstəricilərindən biri də onların pensiya təminatıdır. Belə ki, pensiyaya çıxan neftçilər bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar pensiyaya 6 il tez çıxmaq hüququ qazanırlar.
Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə xüsusi çəkiyə malikdir. Cari ilin 8 ayı ərzində şirkət tərəfindən DSMF-yə ümumilikdə 91,5 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.
AzərTAc