Bu gün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Siyasi şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının gənclərlə görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Sərraf Hüseynov, Azərbaycan tələbə gənclər təşkilatları ittifaqının (ATGTİ) sədri, hakim partiyanın Nəsimi rayon təşkilatı üzrə İdarə heyətinin üzvü Şahin İsmayılov və digər şəxslər iştirak ediblər.YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı seçkilərə hazırlıq prosesi və cənab Prezident İlham Əliyevin son 10 il ərzində gördüyü işlər haqqında ətraflı məlumat verilib.M. İbrahimqızı diqqətə çatdırıb ki, gənclər Azərbaycan dövlətinin gələcəyidir: "9 oktyabr 2013-cü il Azərbaycanın ictimai-siyasi həyatında ən əlamətdar günlərdən biridir. Artıq bir neçə gündür ki, ölkəmizin hər bir yerində Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına start verilib. Biz artıq qürur hiss ilə qeyd etməliyik ki, Azərbaycan 2003-cü ildən bu yana inanılmaz dərəcədə gözəlləşib və inkişaf edib. Bu inkişaf, tərəqqi tək paytaxt Bakıda deyil, ölkəmizin hər bir bölgəsində özünü göstərir. Statistikalardan da aydın görünür ki, Azərbaycana hər ay 10 minə yaxın şəxsi avtomobil idxal olunur. Bundan əlavə, ölkəmizdə xeyli sayda tuneller, körpülər, yeraltı piyada keçidləri, yollar və s. inşa olunur. Bütün bunlar ölkə iqtisadiyyatının necə sürətlə inkişaf etdiyinin göstəricisidir"."Bu gün siz gənclər Azərbaycanın ayıq-sayıq və ən iti görən gözüsünüz. Hesab edirəm ki, siz ölkəmizdə son 10 il ərzində görülən işlərə hamıdan yüksək qiymət verirsiniz. 2003-cü ildə Prezident İlham Əliyev hakimiyyətə gələrkən Azərbaycanın bütün rayonları qaranlıq və zülmət içində idi. Nə elektrik enerjisi, nə də qaz var idi. Amma bu gün ölkəmizin hər bir yerində nəinki elektrik enerjisi mövcuddur, hətta bu enerji Avropa standartlarına cavab verməkdədir"- deyə, Məlahət İbrahimqızı sözlərinə əlavə edib.YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri Sərraf Hüseynov isə deyib ki, 9 oktyabr 2013-cü il tarixində verəcəyimiz qərar birbaşa Azərbaycanın taleyini, özümüzün və övladlarımızın gələcəyini müəyyən edəcək: "Təbii ki, seçimimiz hər birimizin dəstəklədiyi və YAP-ın namizədi olan cənab Prezident İlham Əliyev olacaq. Siz gənclərin hər bir səsi ölkəmizin gələcək taleyinin həll olunmasında çox önəm daşıyır. Sizin verəcəyiniz səs, bizim qazanacağımız qələbənin daha möhtəşəm olacağına zəmin yaradır. Bir sözlə, 9 oktyabrda hamımız birmənalı şəkildə seçki məntəqlərində olmalıyıq. Artıq bizləri qələbədən 18 gün vaxt ayırır. İnanıram ki, hər biriniz bu məsuliyyəti dəyərləndirəcəksiniz".Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, hakim partiyanın Nəsimi rayon təşkilatı üzrə İdarə heyətinin üzvü Şahin İsmayılovun sözlərinə görə, bu gün dünyanın istənilən yerində Azərbaycan haqqında xoş sözlər eşidilir: "Bizlər bu gün dünyanın hər bir yerində Azərbaycanın inkişafı, əldə olunan nailiyyətlər haqqında geniş məlumata sahibik. Bütün bunlar məhz son 10 il ərzində əldə olunan uğurlu siyasətin göstəriciləridir".Sonda görüşə bədii hissə ilə yekun vurulub.
sia.az