Teledebatlarda ödənişsiz təbliğatdan sui-istifadə edən Cəmil Həsənli xalqın heysiyyətinə toxunan ittihamlar səsləndirir.
Buradan açıq-aydın görünür ki, ümumilikdə nə müxalifət liderləri, nə də Cəmil Həsənli özləri özlərini dərk etmirlər. Məlum olur ki, C.Həsənli kənardan idarə olunur və onun çıxışı sırf təlimat əsasında idi. Çünki C.Həsənlinin Azərbaycanda gedən proseslərdən, ümumiyyətlə, xəbəri yoxdur və ictimaiyyətin ona qarşı olan tənqidi rəyindən və münasibətindən bixəbərdir. Oktyabrın 9-da onun kim olduğu bir daha bizə məlum olacaq və biz bunun şahidi olacağıq. Ümumiyyətlə, Cəmil Həsənlinin ictimai televiziyada yaradılmış teledebatda namizədlərin çıxışları zamanı bu cür ittihamlara və təhqirlərə yol verməsi MSK tərəfindən birmənalı qarşılanmamalı və onun namizədliyi ləğv olunmalıdır. Bunu seçicilər tələb edir. Məsələ ilə əlaqədar bəzi millət vəkilləri öz münasibətini bildirib.
Millət vəkili Məlahət İbrahimqızı: "Azərbaycanda hər şey qanunla tənzimlənir. Bu iş də qanun çərçivəsində öz həllini tapmalıdır"
- Bu gün Azərbaycan demokratik bir dövlətdir və demokratiya olan yerdə belə hallarla qarşılaşmaq olar. Lakin bu, müəyyən olunmuş sərhədlərdən çıxmamaq şərti altında olmalıdır. Bəzən insanlar televiziya qarşısında, kimin haqqında, nə danışdıqlarını belə unudur. Biz seçki ərəfəsində olsaq da və hazırda demokratik cəmiyyətdə yaşasaq da, heç bir kəsin kiminsə şəxsiyyətinə toxunacaq ittihamlar irəli sürməyə haqqı yoxdur. MSK bunu nəzərə almalıdır. Qeyd edək ki, ölkəmizdə hər şey qanunla tənzimlənir. Bu iş də qanun çərçivəsində öz həllini tapmalıdır. Əgər xalq Cəmil Həsənlinin namizədliyinin ləğvini tələb edərsə, buna qanun çərçivəsində baxmaq birbaşa MSK-nın borcudur.
Millət vəkili Eldar İbrahimov: "Hər kəs Cəmil Həsənliyə nifrət edir"
- İkinci teledebatda Cəmil Həsənli Azərbaycan xalqının heysiyyətinə toxunan çıxışları ilə özünü prezidentliyə namizəd kimi yox, tərbiyədən uzaq bir insan kimi nümayiş etdirdi. Birinci növbədə bu, teledebatda prezidentliyə namizədə yaraşmayan hərəkət idi. Cəmil Həsənlinin özünü bu cür aparması bir daha sübut etdi ki, bunlar gəlib heç vaxt Azərbaycanı idarə edə bilməz. Budur belələrinin tərbiyələrinin nəticəsi. Düşünürəm ki, MSK bu məsələyə baxmalıdır və qanun əsasında bir tədbir görülməlidir. Belə ki, xalqı təhqir etmək, seçicinin heysiyyətinə toxunmaq hər bir halda yolverilməzdir. Ümumiyyətlə, Cəmil Həsənlinin ağlı və düşüncəsi olsa, o, debatlara və diskussiyalara çıxmazdı. Mən söhbət edərkən, müşahidə edirəm ki, Cəmil Həsənlinin bu çür çıxışından sonra hər kəs ona nifrət edir. Düşünürəm ki, bu çıxışdan sonra, bu qəbil tərbiyə nümayişindən sonra, keçiriləcək mitinqə müxalifətin öz ailə üzvlərindən savayı heç kəs getməyəcək və onlar növbəti dəfə rüsvay olacaqlar.
Politoloq Qabil Hüseynli : "Hər kim olursa-olsun, efirə və xalqa hörmət etməyi bacarmalıdır"
- Cəmil Həsənlinin televiziya və xalq qarşısında bu cür hərəkətlərinə heç bir anlam vermək mümkün deyil. Lakin Cəmil Həsənli ilə yanaşı Hafiz Hacıyevin də hərəkəti də dözülməzdir. Bu xalqa və televiziya tamaşaçılarına qarşı hörmətsizlikdir. Nəzərə alsaq ki, televiziyaya geniş xalq kütləsi tamaşa edir və onların arasında qadın və uşaqlar da var və bu cür nalayiq söyüşlərlə çıxışı etmək olduqca biabırçı görünüş yaradır. Korrektliyi qorumaq şərti ilə hər kim olursa-olsun, efirə və xalqa hörmət etməyi bacarmadığı halda onu efirə buraxmaq sadəcə lazım deyil.
Millət vəkili Çingiz Qənizadə: "Prezidentliyə namizədlər arasında səhvən ora düşmüş adamlar da var"
- Mən teledebatda baş verənləri pisləyirəm və düşünürəm ki, namizədlər orada öz mədəniyyətlərini nümayiş etdirirlər. Bu hərəkətləri ilə özləri özlərini ictimaiyyətin gözündən salırlar. Əsasən də bu cür hadisələrin prezidentliyə namizəd olan şəxslər tərəfindən baş verməsi olduqca pisdir. Ümumiyyətlə, preidentliyə namizədlər yaxşı olar ki, platformalarından, gələcəkdə görəcəkləri və görmək istədirkləri işlərdən danışsınlar. Namizədlərin birinin digərini seçicilər qarşısında nalayiq sözlərlə təhqir etməsi, ailə üzvlərinin adının çəkilməsi yolverilməzdir. İndi Cəmil Həsənli tərəfindən Prezidentin ünvanına söylədiyi ittihamları qınayıram. Belə ki, prezidentliyə namizədlər ən yüksək mədəniyyət nümayiş etdirməli və xalq qarşıında təmkinlə, savadla, ağıllı başla çıxış edərək öz mövqelərini nümayiş etdirməlidirlər. Prezidentliyə namizədlər arasında səhvən ora düşmüş adamlar da var. Xalq hər şeyi görür və öz seçimini edəcək.
Ülkər Musazadə