Dünən Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Binəqədi rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyası çərçivəsində "Mən övladımın gələcəyinə səs verirəm" adlı rayon qadınları seçicilərlə növbəti görüş keçiriblər.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, 9 oktyabr prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon ərazisində müxtəlif səpkili tədbirlər keçirilib. R.Göyüşov Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlərdən danışaraq, qeyd etdi ki, YAP qələbələr partiyası olaraq, ölkəmizdə keçirilən bütün seçkilərdə uğurlar qazanıb: "Bu, onunla əlaqədardır ki, YAP seçkilərə mütəşəkkil hazırlaşaraq, təbliğat-təşviqat prosesini yüksək səviyyədə həyata keçirir. Bu gün Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət xalqımız tərəfindən dəstəklənir və heç şübhəsiz ki, seçicilər növbəti 5 ildə Cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyirlər".
R.Göyüşov çıxışının sonunda Binəqədi seçiciləri ilə Cənab İlham Əliyevin növbəti qələbəsini qeyd edəcəklərini bildirdi: "Çünki ötən 10 il ərzində ölkəmizdə apardığı məqsədyönlü uğurlu siyasət bunu deməyə əsas verir. İnanırıq ki, xalqımız Onun namizədliyini birmənalı şəkildə dəstəkləyəcək".
Tədbirdə çıxış edən Binəqədi rayon 248 saylı məktəbin müəllimi, fəlsəfə elmləri doktoru Gülarə Hüseynova qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunduğunu bildirdi: "Azərbaycanda təhsil keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil strategiyası bu gün Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ciddi işlər görülməkdədir. Ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilir". Çıxışının sonunda o, seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Tədbirdə çıxış edən 20 saylı şəhər poliklinikasının baş həkimi Xuraman Hüseynova səhiyyə sahəsində əldə olunan uğurlardan, insan amilinə, fiziki sağlamlığına dövlət tərfindən göstərilən diqqəti önə çəkərək, səhiyyənin dövlətin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Səhiyyə müəssisələrinin maddi-texniki bazasını gücləndirilməsi, yeni avadanlıqlarla təchizatının ardıcıl olaraq həyata keçirildiyin bildirdi.
Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatınnı sədri, millət vəkili Məlahət İbrahimqızı respublikanın bütün sahələrində təmsil olunan qadınlarımızın rolundan danışdı: "Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Azərbaycan qadını həkim, müəllim, memar, dövlət qulluqçusu və ictimai-siyasi xadimdir. Bu və ya digər amilləri özündə cəmləşdirən qadınlarımızın nüfuzu günü-gündən artmaqdadır. Əsası Ulu Öndər tərəfindən qoyulan qadın siyasəti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan qadınının səsi dünyanın hər yerindən eşidilir. Ümummilli Liderin təməlini qoyduğu inkişaf strategiyası bu gün davam etdirilməkdədir".
M.İbrahimqızı 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərində seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırdı: "İlham Əliyevə səs verməklə qadınlarımız uğurlu sabaha səs verəcəklər".
Tədbirdə çıxış edən Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, millət vəkili Sevinc Hüseynova, YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova, YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova, YAP GB-nin sədr müavini Aytac Əliyeva və YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquluyeva və başqaları müasir həyatımızda Azərbaycan qadın siyasətinin uğurla davam etdiyini bildirərək, fəallığının diqqət mərkəzində olduğunu bildirdilər.
Çıxış edənlər görüş iştirakçılarını qüdrətli Azərbaycana - Cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Zümrüd BAYRAMOVA