PDF Oxu

Siyasət

  • 13

ALTERNATİVSİZ NAMİZƏD - GÜCLÜ DÖVLƏT

ALTERNATİVSİZ NAMİZƏD - GÜCLÜ DÖVLƏT

Bölgələrdə seçicilərlə görüşlər uğurla davam edir

Azərbaycanın bütün şəhər və rayonlarında Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası mütəşəkkil qaydada keçirilməkdədir. Yeni Azərbaycan Partiyasının yerlərdə yaradılmış seçki qərargahlarının üzvləri qəsəbə və kəndlərdə seçicilərlə görüşlər keçirir, partiyanın namizədi Cənab İlham Əliyevin apardığı müdrik siyasətin uğurları, real nəticələri barədə seçicilərlə ətraflı məlumatlar verirlər. Görüşlərdə iştirak edən seçicilər birmənalı şəkildə Cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini, seçkilər günü fəal şəkildə məntəqələrə gedərək, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayırlar.

XAÇMAZ

9 oktyabr Azərbaycan xalqının növbəti zəfər günü olacaq

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Xaçmaz rayonu üzrə Seçki Qərargahı Aşağı Zeyid və Hülövlü seçiciləri ilə görüş keçirib.

Görüşü seçki qərargahının sədri Nazim Ağayev açaraq, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülən İlham Əliyevin son 10 ildə Azərbaycan xalqına, Azərbaycan dövlətinə verdiyi töhfələrdən ölkə iqtisadiyyatının inkişafından, dünya ölkələri arasındakı nüfuzundan və digər məsələlərdən bəhs edib. Yeni Azərbaycan Partiyasının çoxşaxəli və milli maraqlara əsaslanan fəaliyyətindən danışan təşkilat sədri vurğulayıb ki, YAP ölkəmizdə keçirilən bütün seçkilərdə qələbə qazanıb: "Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır. Bu baxımdan, növbəti prezident seçki kampaniyasına da partiyamız ciddi şəkildə hazırlaşıb və təbliğat-təşviqat prosesi yüksək səviyyədə davam etdirilməkdədir".

Çıxışında N.Ağayev, həmçinin, Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin xalqımız tərəfindən dəstəkləndiyini vurğulayaraq, seçicilərin növbəti beş ildə də Cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istədiyini bildirdi: "Qarşıdan gələn prezident seçkilərində də partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin qələbəsi şübhə doğurmur. Çünki ötən 10 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Növbəti prezident seçkiləri də xalqın iradəsini əks etdirəcək və Yeni Azərbaycan Partiyasının möhtəşəm qələbəsi ilə nəticələnəcək".

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Ziyad Səmədzadə Ulu Öndərin bizə bəxş etdiyi müstəqil Azərbaycan dövlətinin 20 ildə keçdiyi yola nəzər salaraq, iqtisadiyyatımızın böyük sürətlə inkişafının əsas səbəblərini təhlil edərək, bildirib ki, məhz bu uğurlu iqtisadi siyasətin nəticəsidir ki, xalqımızın rifahı yaxşılaşmış, dünya ölkələri arsında mövqeyimiz möhkəmlənmiş, ölkəmizin təhsildə, mədəniyyətdə, səhiyyədə və digər sahələrdə inkişafa nail olunmuşdur. Ona görə də, biz müdrik, ağıllı, dünya siyasətində mövqeyi və rolu olan, xalqımızın, dövlətimizin, inkişafımızın qarantı - Cənab İlham Heydər oğlu Əliyevə səs verməliyik.

Görüşdə seçicilərdən Cabir Qurbanov, Baldadaş Əlimuradov, Ülkər Hacıyeva, Tərlan Dadaşov, Saməddin Hüseynov, Məmmədəli Əliyev, Kərim İsayev, Elxan Məsimov çıxış edərək, 9 oktyabr 2013-cü il tarixdə hamı bir nəfər kimi seçki məntəqələrinə gələrək, İlhamlı gələcəyimizə səs verəcəklərini bildirdilər.

QAX

Qaxlılar öz gələcəyinə - Cənab İlham Əliyevə səs verəcəklər

Prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qax şəhərində keçirilən mitinq-konsertə minlərlə insan qatılıb. Qax rayonunun mərkəzi stadionunda Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin siyasətini dəstəkləmək üçün təşkil olunmuş mitinq-konsert proqramı öz möhtəşəmliyi ilə yadda qalıb.

Tədbiri giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov qonaqları və Qax əhalisini salamlayaraq, 21 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev yolu ilə irəlilədiyini, çox böyük və şərəfli yol keçdiyini söylədi: "Cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqa xidmət göstərir. Bütün bu uğurlar, möhtəşəm nailiyyətlər belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan xalqı bir daha Cənab İlham Əliyevi özünün prezidenti kimi görmək istəyir".

Tədbirdə çıxış edən MM deputatı Azər Kərimli qeyd etdi ki, Azərbaycan dövləti artıq yola saldığımız 10 ildə sürətlə inkişaf edərək böyük nailiyyətlər əldə etmişdir: "Azərbaycanın iqtisadiyyatı kimi sürətlə inkişaf edən başqa bir dövlət yoxdur. Büdcəmiz il-ildən qalxır. 1996-cı ildə büdcəmiz cəmi 516 milyon manat idisə, indi artıq 20 milyard manatdan danışırıq. 2012-ci ilə nisbətən 2013-cü ildə büdcəmiz iki milyard manata yaxın qalxıb. Regionlarda gedən inkişafı elə Qaxın timsalında görmək olar. Rayon mərkəzləri gözəlliyinə, inkişafına görə heç də Bakıdan geri qalmır. Bu cür sürətli inkişafın davamına səs verərək, 9 oktyabrda seçki məntəqlərinə gəlməli və alternativsiz namizəd Cənab İlham Əliyevə səs verməliyik!"

Tibb elmləri namizədi Afər Allahverdiyev tədbirdə çıxış edərkən qeyd etdi ki, ölkənin artan gəlirlərinin hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss etməsi hökumətin həyata keçirdiyi sosial-iqtisadi kursun əsas qayəsini təşkil edir: "Son on il ərzində ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların rifahının yüksəldilməsi istiqamətində olduqca böyük işlər görülmüş, əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Bu işləri aparan ancaq və ancaq möhtərəm Prezidentimiz Cənab İlham Əliyevdir. Azərbaycan xalqı artıq öz düzgün seçimini 10 il bundan öncə - 2003-cü ildə etmiş, bu gün də bu seçimdə qalır. İnanıram ki, bütün Azərbaycan xalqı, o cümlədən qaxlılar 9 oktyabrda Cənab İlham Əliyevi dəstəkləyəcək və Ona bir nəfər kimi səs verəcək".

Seçicilər adından Mədinə Heydərova, Müzəffər Səfərov və başqaları çıxış edərək qeyd etdilər ki, Ulu Öndərimizin layiqli davamçısı olan Cənab İlham Əliyevin qarşıdan gələn seçkilərdə qalib gələcəyinə bütün Qax ictimaiyyəti əmindir.

Görüş Azərbaycanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

İSMAYILLI

"Xalq öz səsini sabitliyə, əmin-amanlığa, demokratik inkişafa verəcək"

Sərlövhədə səslənən ifadələr YAP İsmayıllı rayon təşkilatı Seçki Qərərgahının 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikasına prezident seçkilərində prezidentliyə namizəd Cənab İlham Əliyevin Keyvəndi, Şəbiyan, Pirəbilqasım, Zərnava kəndlərində təşviqat-təbliğat kampaniyası zamanı seçicilər tərəfindən səsləndirilmişdir.

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır: "Bu müddətdə ölkə rəhbəri xalqın mütləq əksəriyyətinin rəğbətini qazanıb. Xalqımız Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, Cənab İlham Əliyev ölkəmizi Ümummilli Lider Heydər Əliyev yolu ilə daha işıqlı gələcəyə aparır. Bir çox dövlətlərin çatışmazlıqlara, böhranlara məruz qaldığı bir dövrdə Azərbaycan daha sürətlə inkişaf edir, əhalisinin səviyyəsi ildən-ilə daha da yüksəlir. Aparılan infrastruktur layihələrinin nəticəsində ölkəmiz daha da inkişaf edir, gözəlləşir".

Tədbirdə çıxış edən yerli təbliğat qrupunun nümayəndələri Cümşüd Hacıyev, Hafiz Kərimov, Məhəmməd Musayev, İsrayıl İsmayılov qeyd etdilər ki, sosialyönümlü siyasət son 10 ildə Azərbaycanın milli inkişaf yolunu səciyyələndirən mühüm istiqamətlərdən birinə çevrilmişdir. Dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Cənab İlham Əliyevin hər iki Prezidentlik dövrünün ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuş, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər və yollar tikilmişdir.

Keyvəndi kənd sakinləri Baxşı İskəndərov, Mirsahir Abbasov, Nəbi Qədimov, Şəbiyan kənd sakinləri Telman Aslanov, Daşdəmir Səfərov, Məhsul İbrahimov, Rəşid Zalov, Pirəbilqasım kənd sakinləri Ramiz Nizamov, Mirəhməd Nuriyev, Abduləli Ədilov, Zərnava kənd sakinləri Məhəmməd Aslanov, Ədalət Carıyev, Xalidə Ağayeva, Sabir Adgözəlov və digərləri çıxışlarında birmənalı şəkildə bildirdilər ki, Cənab İlham Əliyevin çoxşahəli fəaliyyəti xalqın gözü qarşısındadır: "Biz fəal seçicilər olaraq bu seçkilərdə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Onun bu seçkilərdə də qalibiyyəti üçün əlimizdən gələni əsirgəməyəcəyik. Cənab Prezidentin ölkəmizin inkişafı və çiçəklənməsi naminə gördüyü işlər göz qabağındadır və biz seçicilər ölkəmizin gələcəyi naminə görülən bu işlərə biganə qala bilmərik".

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər