Paytaxt Bakı ilə bərabər, ölkəmizin bütün bölgələrində, o cümlədən Azərbaycanın qədim şəhəri olan Gəncədə də 9 oktyabr Prezident seçkiləri ilə bağlı təbliğat–təşviqat kampaniyası böyük ruh yüksəkliyi və uğurla davam etdirilir. Növbəti möhtəşəm görüşlər sentyabrın 21–də Gəncədə və elə həmin gün saat 16:00–da Hacıkənd qəsəbə Mədəniyyət klubunda keçirilib.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin, şəhər Təşkilatı İdarə Heyəti və Şura üzvlərinin, təbliğat–təşviqat qrupu üzvlərinin, partiya fəallarının, ictimaiyyətin nümayəndələrinin, ümumilikdə 800-dən çox seçicinin iştirak etdiyi görüşlərdə Azərbaycanın uğurlarından, müstəqil dövlətçiliyindən, Azərbaycan xalqına cənab Prezidentin bəxş etdiyi imkanlardan, ölkə başçısının tövsiyə və tapşırıqlarını yüksək təşkilatçılıqla yerinə yetirən şəhər rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən, gördüyü işlərdən, Gəncənin "Gənclər Paytaxtı" adını şərəflə doğrultmasından, Azərbaycanın dilbər guşəsi Hacıkənd qəsəbəsinin köklü şəkildə yenidən qurulmasından, insanların kommunal problemlərinin həll olunmasından danışılıb.
Yeni Azərbaycan Partiyasının sədri Naqif Həmzəyev Gəncə Dövlət Dram Teatrında keçirilən, iştirakçıların əksəriyyətinin qadınlar və gənclər olan təbliğat-təşviqat görüşünü - "Qətiyyətli Prezident – güclü Azərbaycan!" şüarı ilə açıq elan edib. Çıxışında vurğulayıb ki, həqiqətən də Azərbaycanın bugünkü reallıqları hər bir vətəndaşı ruhlandırır, sevindirir. Layiqli həyat şəraiti təmin olunmuş Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız arxalarında güclü, onları dünyanın istənilən nöqtəsində müdafiə etməyə qadir olan bir dövlət görürlər və belə bir dövlətin vətəndaşları olduqlarına görə fəxr edirlər. Avropa birliyinin "Avropa Qonşuluq Barometri" çərçivəsində keçirilmiş sorğu göstərdi ki, Azərbaycanda əhalinin 92 faizi öz hökümətinə inanır. Yəni ölkə əhalisinin 92 faizi hakimiyyətin fəaliyyətini bəyənir və ona etimad göstərir. Bütün obyektiv rəy sorğuları xalqla hakimiyyətin sıx birliyinin təcəssümüdür. Budur son 10 ilin real nəticəsi. Budur 2013–cü ilin, bu günün seçki reallığı!
Həmin gün Hacıkənd qəsəbəsində saat 16:00–da seçicilərlə keçirilən təbliğat-təşviqat görüşü də tarixi məqamları ilə yadda qaldı. Əllərində bayraqlar, "Demokratik və dinamik Azərbaycan uğrunda İlhamla irəli!", "Demokratiyaya, sabitliyə, tərəqqiyə səs verək!", "Xalqın səsi – İlhamın qələbəsi!" sözləri yazılmış plakatları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portretlərini tutmuş seçicilər mütəşəkkilliklə, dəstə-dəstə gəlib qəsəbənin Mədəniyyət klubuna toplaşıblar.
Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açıb, ölkə başçısının rəhbərliyi ilə qazanılan nailiyyətlərin nümunəsi olaraq yaşamaq üçün hər cür şəraiti olan bu yaraşıqlı, səfalı qəsəbənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçicilərə çox qiymətli töhfəsi olduğunu vurğulayıb.
Təbliğat-təşviqat qrupunun üzvləri Yusif Yusibov, Həsənbala Sadıqov, Cavid Bağırzadə və Ceyhun Hüseynov çıxışlarında seçiciləri dağılan bir ölkəni xilas edərək güclü və qüdrətli, dünya miqyasında tanınan Azərbaycan zirvəsinə qaldıran ulu öndər Heydər Əliyev siyasi kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti 5 ildə də davam etdirilməsinə səs verməyə çağırıblar.
"Cənab İlham Əliyev biz Sizin ətrafınızda sıx birləşmişik və həmişə Sizinləyik!", "Müstəqil və sarsılmaz Azərbaycan daim yaşayacaqdır!", "Var olsun, hər zaman öz vətəndaşlarını müdafiə edən, qoruyan, diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!" – bu sözləri çıxış edən seçicilər səsləndirdilər. Təbliğat–təşviqat görüşləri seçicilərin yüksək əhval-ruhiyyəsi, tükənməz coşqusu, sabaha böyük inam və güvənclərinin ifadəsi olan gur alqışları ilə başa çatıb.
sia.az