Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən 21 sentyabr 2013-cü il tarixdə təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Yeyənkənd və Tüklə kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə millət vəkilləri Nəriman Əliyev, Elmira Axundova və kənd sakinləri iştirak ediblər.
Görüşləri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verib. Rayon təşkilatının sədri bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən siyasətin nəticəsi kimi 10 il ərzində Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçib. Bu illər ərzində yeni iş yerləri, obyektlər, sənaye müəssisələri, olimpiya kompleksləri və coxlu təhsil, səhiyyə obyektləri açılıb.
S.Əliyev Prezident İlham Əliyevin Masallı rayonuna olan diqqət və qayğısından söz açaraq bildirib ki, təkcə bu ayın 16-da Masallı rayonunun müxtəlif yerlərində yeni tikilib istifadəyə verilən 5 məktəbin açılışı olub. Ucqar kəndlərimizə qaz xətləri çəkilib, yollar asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Bu ay rayonumuza səfəri zamanı İlham Əliyev YAP Masallı rayon təşkilatının inzibati binasının, Taekvando və Boks mərkəzlərinin, yenicə təmirdən cıxmış Heydər Əliyev Mərkəzinin, rayon Mədəniyyət evinin və Zərifə Əliyeva adına geniş prospektin açılışında iştirak etmişdir. Bir sözlə Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən siyasətin nəticəsi kimi 10 il ərzində Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçmişdir və ən əsası odur ki, belə açılışlar bundan sonra da davam etdiriləcəkdir. Bütün bu görülən işlərin qarşılığı və bundan sonra da davam etdirilməsi üçün sizləri 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, növbəti 5 ilimizin qarantı üçün İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram.
Sonra Millət vəkili Elmira Axundova çıxış edərək bildir ki, cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətdə də siyasi tolerantlıq mədəniyyətinin izlərini aydınca görmək olar. Azərbaycanın qlobal müstəvidə strateji mövqeyi çox əlverişli olduğundan belə bir vəziyyətdə təhlükəsizliyin və neytrallığın təmin edilməsi üçün çox diqqətli və dərindən düşünülmüş siyasət aparılır. Mövcud şəraitdə bütün bunları etmək siyasətçidən yüksək zəka, öncəgörmə qabiliyyəti və intellekt tələb edir. Çıxışının sonunda seçiciləri aktiv olmağa səsləyən millət vəkili onları cənab İlham Əliyevə səs verməyə çağırıb.
Daha sonra millət vəkili Nəriman Əliyev öz çıxışında bildirib ki, bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir: "Bu gün Azərbaycan dünyaya sürətlə inteqrasiya edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu neft strategiyası həyata keçirilir. Azərbaycan iqtisadi inkişafını sürətləndirərək dünya birinciləri sırasına daxil olub. Hər bir vətəndaş ölkədə gedən inkişaf prosesinin şahididir. Bir sözlə, Prezident İlham Əliyev hərtərəfli siyasət yürüdərək Azərbaycanı uğurlu zirvələrə daşıyır və bundan sonra da daşıyacaq".
Millət vəkili bu gün ölkəmizdə insanların sosial rifah halının durmadan yüksəldiyini, hər bir bölgəmizdə geniş quruculuq-abadlıq işlərinin uğurla davam etdiyini də diqqətə çatdırıb və bildirib ki, birmənalı şəkildə qarşıdan gələn seçkilərdə xalqımız cənab İlham Əliyevə dəstək olmaqla növbəti 5 il müddətində də Onun Azərbaycanı daha böyük zirvələrə yüksəltməsinə təminat yaratmış olacaq.Öz növbəsində N.Əliyev də seçiciləri qarşıdan gələn Prezident seçkilərində fəal olmağa, öz gələcəkləri naminə partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Sonra tədbir iştirakçılarından Xanverdiyev Balağa, kənd ağsaqqalı Əhmədov Mirhəsən və başqaları çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq bu dəfə ki seçkilərdə də YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər.
sia.az