Oktyabrın 9-u Azərbaycan Respublikasında prezident seçkiləri günüdür. Seçkilərin təbliğat-təşviqat kampaniyası isə artıq bir neçə gündür ki, başlayıb. Bu kampaniyada Yeni Azərbaycan Partiyası yüksək fəallıq nümayiş etdirir. YAP-ın namizədi olan Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ruh yüksəkliyi ilə davam edir. Bu kampaniya çərçivəsində ölkəmizin bütün bölgələrində tədbirlər, görüşlər keçirilir. Xalqın seçimi isə, yalnız İlham Əliyevdir. Azərbaycan seçicilərinin böyük əksəriyyəti onu özünün lideri görür və 9 oktyabrda ona səs verəcəklərini söyləyirlər.
Quba rayonunda da əhali ilə görüşlər, tədbirlər davam edir. Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Quba rayonunun Rustov, Şuduq, Güləzi İcra Ərazi Dairələrində seçicilərlə görüşlər keçirilib. Görüşdə Milli Məclisin deputatı Yevda Abramov və YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev iştirak ediblər.
Sakinlər qarşısında çıxış edən Milli Məclisin deputatı Yevda Abramov bildirib ki, cənab İlham Əliyev ölkəmizdə hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır: "Prezidentimiz vətəninə, xalqına bağlıdır. Ölkəmizdə hər sahənin inkişafı İlham Əliyevin uğurlu, parlaq siyasətinin nəticəsidir. Mən əminəm ki, sakinlər ötən prezident seçkilərində olduğu kimi, bu dəfə də indiki siyasətin davamlı olmasına səs verəcəklər. Prezident İlham Əliyevin 10 ildə yürütdüyü uğurlu siyasətin nəticəsində əldə olunan nailiyyətləri hər birimiz görürük. Bütün bu uğurların davamlı olması üçün 9 oktyabrda hər birimiz İlham Əliyevə səs verəcəyik".
Görüşdə YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxış edərək söyləyib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın hansı çətin dövründə hakimiyyətə qayıtdığını hamımız bilirik: "Ölkə dağılırdı, xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Azərbaycan adlı dövlətin varlığı sual altında idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı yenidən qurdu, beynəlxalq aləmdə tanıtdı. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bu kursa sadiq qalaraq ölkəmizi daha da inkişaf etdirdi. Biz hamımız bu inkişafın şahidiyik. Buna görə də 9 oktyabr prezident seçkiləri günü hamımız cənab İlham Əliyevə səs verəcəyik".
Daha sonra kənd sakinləri də öz fikirlərini bildiriblər.
sia.az