PDF Oxu

Siyasət

  • 7

Son 10 ilin uğurlu inkişafı: perspektivlər və nəticələr

Son 10 ilin uğurlu inkişafı: perspektivlər və nəticələr

İlham Əliyev: "Son 10 il ərzində dünyada Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur"

Son on il ölkəmizin hərtərəfli inkişafı istiqamətində görülən genişmiqyaslı işlərlə, qazanılmış böyük nailiyyətlərlə Azərbaycanın çağdaş tarixinə uğurlu dövr kimi həkk olunmuşdur. Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin daha da möhkəmlənməsi, iqtisadi inkişafın davamlılığı və diversifikasiyasının sürətləndirilməsi, yeni müəssisələrin yaradılması, minlərlə iş yerinin açılması, səhiyyə, təhsil və digər sahələrdə qazanılmış nailiyyətlər, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi sözügedən dövrün səciyyəvi cəhətləridir. Ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkənin maliyyə ehtiyatlarının artmasına səbəb olmuş, bu isə, öz növbəsində, xarici ölkələrə sərmayə qoyuluşu üçün əlverişli şərait yaratmışdır. Bu baxımdan artıq Azərbaycan sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir, xaricdə yatırılan investisiyaların dinamikasında müsbət irəliləyiş müşahidə olunur.

Son 10 ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Belə ki, 2003-cü ildən başlayaraq ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Həmçinin, bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq, 3692 ABŞ dollarına çatıb, orta aylıq əməkhaqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. Azərbaycanda həyata keçirilmiş sosial- iqtisadi siyasət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb. Qeyd edək ki, ölkəmiz Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 144,4 mlrd. dollar həcmində investisiya qoyulmasını təmin edib. Ümumilikdə son 10 ildə qeyri-neft sektoruna qoyulan investisiyalar 18,7 dəfə, daxili investisiyalar isə 22,1 dəfə artıb. Bu nailiyyətlər ölkədə yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradıb. Belə ki, əgər 2002-ci ildə ölkədə yoxsulluq səviyyəsi 46,7% təşkil edirdisə, 2012-ci ildə bu göstərici 6% təşkil etmişdi. Bununla da 2015-ci il üçün hədəf kimi müəyyən edilmiş yoxsulluq səviyyəsinə artıq nail olunub. Ölkədə yaradılan iş yerlərinin sayı son 10 ildə 1,2 mln-u keçib. Bunlar arasında regionlarda 869 min yeni iş yeri yaradılıb və bununla da ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində işsizliyin səviyyəsi 5,2%-ə qədər enib.

Ölkədə yoxsulluğun səviyyəsi 6 faizədək azalıb

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatların nəticəsi olaraq, ölkənin pul gəlirlərinin artması, qeyri-neft sektorunda yeni-yeni müəssisələrin yaradılması, hər il regionlarda on minlərlə yeni iş yerlərinin yaradılması Azərbaycanda yoxsulluq səviyyəsinin minimuma enməsinə səbəb olub. Başqa sözlə, Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası nəticəsində büdcə vəsaitlərinin artması kompleks islahatların reallaşdırılmasına, əhalinin həyat şəraiti, sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verib. Bütövlükdə, 2004-cü ildən başlayaraq, Azərbaycanda 1 milyon 200 mindən artıq yeni iş yeri açılıb ki, bunun da 900 mini daimi iş yerləridir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvarından indiyədək ölkədə 266,1 min, o cümlədən, 200,5 min daimi iş yeri yaradılıb. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni, davamlı inkişafdan dar bir təbəqə yox, daha geniş əhali kütləsi yararlanır. Bankın hesabatına görə, hazırda Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin valyuta ehtiyatları da xeyli dərəcədə yüksəlib ki, bu da öz növbəsində Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı enməsinə öz təsirini göstərməkdədir. Ölkə Prezidenti sözügedən məsələyə toxunaraq bildirmişdir: "Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir. Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq, biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik. Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti ilə həyata keçirilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Biz çalışmalıyıq ki, gələcək illərdə müəyyən səviyyədən aşağı düşməyək".

Son 10 ildə pensiyaların həcmi 9 dəfədən çox artıb

Hər bir ölkədə olduğu kimi Azərbaycanda da pensiyaçılar ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqə hesab edilir. Məhz bu vəzifələrin prioritet olaraq yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gerçəkləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətidir. Pensiyaçıların sosial müdafiəsinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması hər il pensiya məbləğlərinin əhəmiyyətli artımını şərtləndirib. Son 10 il ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılmışdır. Qeyd edək ki, Azərbaycanda 1 milyon 272 min 566 pensiyaçı var və ölkə Prezidenti Cənab İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncam təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq. Onu da vurğulayaq ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 90 min nəfər) pensiyasının artımı 15 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaqdır. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar ((I qrup gözdən əlillər istisna olmaqla) 15 min 580 nəfər)) üzrə artım 19 manat 50 qəpik, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə ((I qrup gözdən əlillər) 7763 nəfər)) isə 31 manat 50 qəpik təşkil edəcəkdir. Həmçinin, milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatacaqdır. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 16 manat 50 qəpik artacaqdır.

Beləliklə də, "Güclü dövlət, yüksək rifah" prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də respublikamızın davamlı inkişafını təmin edəcəkdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər