PDF Oxu

Siyasət

  • 24

İLHAM ƏLİYEV FAKTORU - SİYASİ LİDERLİYİN BARİZ NÜMUNƏSİ

İLHAM ƏLİYEV FAKTORU - SİYASİ LİDERLİYİN BARİZ NÜMUNƏSİ

Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub

Təkzibedilməz amillərdən biri də budur ki, hər bir ölkənin, xalqın dünya miqyasında tanınmasında, nüfuzunun artmasında, davamlı nailiyyətlər əldə etməsində, eləcə də qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi rolu mövcuddur. Lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Bu cür liderlərin mövcudluğu isə xalqların perspektivinin qarant altında olmasına və dinamik inkişaf yoluna çıxmasına əsas yaradır.

Məhz bu mənada, Azərbaycan xalqının da gələcəyi parlaqdır. Artıq 10 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Məhz möhtərəm İlham Əliyev Cənablarının 10 il ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi reformalar modern Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini artırıb.

Artıq 20 ildir ki, Azərbaycan xalqının rifahına, təhlükəsizliyinə və gələcək inkişafına müsbət töhfələrini verən Ulu Öndər Heydər Əliyev siyasəti müstəqil dövlətimizin xalqımızın tarixi nailiyyətinə çevrilməsinə əsas yaradıb. Çünki uzun illər, əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz son 20 ildə Ulu Öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müstəqil xarici siyasət yürüdən, regionun lider ölkəsi olan və dünya miqyasında əhəmiyyətli faktor rolunu alan dövlətin sahibinə çevrilib. Ona görə də bu gün müasir beynəlxalq münasibətlər sistemində söz sahibi və BMT Təhlükəsizlik Şurasının üzvü olan, planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin, kollapsların müşahidə olunduğu, həmçinin, aparıcı ölkələrin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə yüksələn xətlə inkişaf edən Azərbaycan Respublikası xalqımızın tarixi nailiyyətidir, ən böyük sərvətidir və fəxr mənbəyidir. Bu gün bütün vətəndaşlarımızın, həmçinin, dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın azərbaycanlı və Azərbaycan Respublikasının vətəndaşı olması ilə qürur duyduğunu və fəxr etdiyini deməsi də çox ciddi təməllərə dayanır. Çünki bu günün Azərbaycanı yalnız beynəlxalq münasibətlər sistemindəki yeri və roluna görə deyil, həmçinin, daxili sosial-iqtisadi quruluşuna, tərəqqisinə və nailiyyətlərinə, milli-dini və etnik quruluşuna, eyni zamanda, polietnik və çoxkonfessiyalı atmosferdə qardaşlığın, dözümlülüyün mövcudluğuna görə dünya dövlətləri üçün bir inkişaf modelidir. Belə ki, bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycanda sosial-iqtisadi sahədə liberal islahatlar gerçəkləşdirir, dövlət səviyyəsində azad sahibkarlığa böyük diqqət və qayğı göstərilir, əməkhaqları, təqaüdlər artırılır, yeni iş yerləri açılır, həmçinin, insanların rifah halının yüksəldilməsi üçün mühüm qərarlar verilir və bunun nəticəsində də ölkəmizin sosial həyatında dəyişikliklər müşahidə olunur.

Azərbaycan həm də dünyada mötəbər tədbirlərin keçirildiyi bir mərkəzə çevrilmişdir. Avropa Oyunlarının 2015-ci ildə tarixdə ilk dəfə ölkəmizdə keçiriləcəyi hər bir azərbaycanlıya tükənməz qürur hissi bəxş edir. Bütün bunlar, əlbəttə ki, məhz Onun - Azərbaycan Prezidenti Cənab İlham Əliyevin misilsiz əməyinin nəticəsidir.

Söz yox ki, sağlam gənclik həm də ölkənin sağlam gələcəyini və gücünü tərənnüm edir. Bu baxımdan, bu gün Azərbaycan gənclərinin hərbi vətənpərvərlik hissləri də daim diqqət mərkəzində saxlanılmaqdadır. Bu günün gənci, sabahın əsgəridir. Güclü ordunun təməlində həm də sağlam gənclik dayanıb desək, yanılmarıq. Bu gün Azərbaycan Ordusunun hərbi potensialı da elmli, bilikli gənclər, zabitlər tərəfindən inkiaf etdirilir. Yeri gəlmişkən, Azərbaycan ordusunun davamlı inkişafında, tərəqqisində, müasirləşməsində, hərbi-texniki bazasının mükəmməlləşdirilməsində də ölkə rəhbərimizin, Ali Baş Komandanımızın danılmaz rolu mövcuddur.

Tarixə müraciət etsək görərik ki, 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verilmiş, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qalmışdı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə ilə üz-üzə qoymuşdu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmış, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətlənmiş, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev ötən il Silahlı Qüvvələrin yaradılmasının 95 illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paraddakı nitqində o dövrü xarakterizə edərkən demişdir ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra əlbəttə ki, Milli Ordunun yaranması çox vacib məsələ idi: "Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda nizami ordu yarana bilmədi. Azərbaycanda ordu quruculuğu lazımi səviyyədə aparılmırdı. Yalnız Azərbaycan xalqının tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkədə ordu quruculuğu prosesi başlanmışdır. Əslində, Azərbaycanda dövlət quruculuğu prosesi başlanmışdır və müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin səyləri nəticəsində, müstəsna xidmətləri nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparılırdı. Qısa müddət ərzində nizami ordunun yaranması mümkün olmuşdur və bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Mən çox şadam ki, bu gün Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir."

1990-cı illərin ortalarından başlayaraq, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarmışdır. Yeri gəlmişkən, 1997 - ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçmiş, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi - humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək verirlər. Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir.

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir: "Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdır Azərbaycan dövləti edir."

Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən, cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Digər tərəfdən, Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər nəticə etibarilə orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Ötən il Azadlıq meydanında keçirilən parad Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ideyalarına sədaqət və ehtiramının təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişinin əyani təzahürü olmuşdur.

Göründüyü kimi, Cənab İlham Əliyev bütün fəaliyyətini Azərbaycan vətəndaşlarının rifahı üçün səfərbər edib, Onun atdığı hər bir addım isə insanların daha yaxşı yaşamasına hesablanıb. Ona görə də Cənab İlham Əliyevin hər bir addımı insanlarda böyük ümid və gələcəyə nikbin baxış formalaşdırır.

ADİL ƏLİYEV,

Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq və Muay Tay Federasiyasının prezidenti

Digər xəbərlər